-
- 29-09-2024, 15:15
- 318
Nəsrullahın ölümü bilirsinizmi nə deməkdir?
Hizbullah indiyədək çoxlu itki verib. Amma Nəsrullahı itirməklə Hizbullah həm beynini, həm də ürəyini itirdi. Bu həyati itkidir. Nəsrullahdan sonra Hizbullah sağ qala bilərmi? Bəlkə də davam edə bilər, amma əvvəlki effektivliyini saxlaması çox çətindir.
News24.az Axar.az-a istinadla xəbər verir ki, bu sözləri “Hürriyyət”in yazarı Əhməd Hakan Hizbullah lideri Həsən Nəsrullahın ölümü haqda qeyd edib.
Nəsrullahın 32 il Hizbullaha rəhbərlik etdiyini xatırladan yazar bildirib ki, Livan kimi xaotik bir ölkədə 32 il yaşamaq asan məsələ deyil və böyük siyasi məharət tələb edir:
“İsrailə meydan oxumaq üçünsə həm də hərbi bacarıq lazımdır. Nəsrullahın hər iki sahədə mahir olduğu aydın idi. Nəsrullah xarizmatik insan idi. Güclü natiqliyi vardı. Onun həftədə bir dəfə etdiyi çıxışı hamı izləyirdi. O, kütlələrlə sehrli əlaqə qura bilirdi. Onun adı ətrafında mif formalaşmışdı.
Onun xarizmasını gücləndirən bir detal: 18 yaşlı oğlu Hadi Nəsrullah da İsrail münaqişəsində həlak olanlar arasında idi. Ölənlər üçün təşkil edilən dəfn mərasimində Həsən Nəsrullah ölən gənclərin alınlarından öpürdü. Növbəni pozmadı, oğluna “ölü gənclərdən biri” kimi yanaşdı”.
Hakan xatırladıb ki, Nəsrullah İsrail üzərində ciddi qələbəyə imza atmışdı:
“Livandakı Hizbullah müqavimətinin təsiri ilə İsrail 2000-ci ildə işğal etdiyi Cənubi Livandan geri çəkilmək məcburiyyətində qaldı. Bu, İsrailin ilk dəfə ərəb ölkəsindən geri çəkilməsi idi. Bu tarixi hadisə Hizbullahın qələbəsi kimi qəbul edildi. Nəsrullah o vaxtdan bəri böyük nüfuz qazandı.
2006-cı ildə Hizbullah döyüşçüləri İsrailə qarşı əməliyyat keçirdilər. İsrailin bir əsgəri öldürüldü, iki əsgəri girov götürüldü. Beləliklə, İsraillə Hizbullah arasında müharibə başladı. Bu müharibə Nəsrullahı “İsrailə qarşı müqavimət göstərən yeganə ərəb lideri” mövqeyinə yüksəltdi.
Nəsrullah İsrailin bir nömrəli hədəfi idi. Çox yaxşı qorunurdu. Nəsrullahı qorumaq Hizbullah üçün ən həyati məsələ idi.
Suriya vətəndaş müharibəsində məzhəbçi mövqeyini saxlamaq Nəsrullahın nüfuzunu bir qədər aşağı saldı. Həririnin öldürülməsindən sonra Nəsrullahın Livanın daxili siyasətindəki mövqeyi əvvəlki qüdrətini itirdi. Bunlar Nəsrullahın şəxsi tarixinin ən problemli sahələridir.
Nəsrullahın öldürülməsi hər hansı Hizbullah komandirinin öldürülməsinə bənzəməz. Nəsrullahın öldürülməsi tarixi qırılma nöqtəsidir. Livandakı antiisrail müqavimət xətti çox ciddi yara aldı. Bundan sonra Livanda müqavimət xətti qalmaya bilər. Nəsrullahın öldürülməsi bu qədər ciddi hadisədir”.