-
- 1-10-2024, 15:55
- 239
Mütəxəssislər qəhvə üçün ən yaxşı vaxtları açıqladılar
Günə daha enerjili başlamaq istəyənlərin ilk seçimi olan qəhvə, demək olar ki, hər kəsin zövq aldığı içkidir.
News24.az xəbər verir ki, mütəxəssislər tərəfindən aparılan araşdırmalar qəhvənin faydalarından istifadə üçün müəyyən fasilələrlə istehlak edilməli olduğunu ortaya çıxarıb.
Bizə enerji verən və gün ərzində aktiv olmağımıza kömək edən insan orqanizmində kortizol səviyyəsi günə başladığımız zaman səhər saat 9-10 arasında zirvəyə çatır.
Kortizol hormonunun yüksək olduğu bu saatlarda qəhvə içmək həm hormon balansını, həm də bədənin təbii oyanma prosesini pozur. Bu da qəhvənin orqanizmə təsirini azaldır. Odur ki, səhər yuxudan duranda qəhvə içmək vərdişindən əl çəkməliyik.
Mütəxəssislər tərəfindən aparılan araşdırmalar göstərib ki, qəhvədən istənilən effekti əldə etmək üçün kortizol səviyyəsinin pik həddən aşağı düşdüyü saatları seçmək lazımdır. Səhər saat 10:30-12:30 arası səhər qəhvəsi içmək üçün ən yaxşı vaxt hesab olunur.
Eyni zamanda günorta saat 14:30-18:00 arası qəhvə içmək üçün uyğun vaxtlar olaraq bilinir. Saat 14:30-da orqanizmin yığdığı enerjini itirməyə başladığı vaxt olduğu üçün bu saatlarda kofe içmək enerjimizi bərpa etməyə kömək edir.
Məryəm İlhamqızı