Balaəli tənqid edildi - Muğam ifa etdi
    • 4-10-2024, 14:03
    • 1 559

Balaəli tənqid edildi - Muğam ifa etdi

Xalq artisti Zabit Nəbizadə "Rəngarəng" verilişində muğam ifa edən meyxanaçıları tənqid edib.

News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, o, aparıcı Zaur Nəbioğlunun "Meyxanaçıların efirdə muğam oxumasından narazısınız? Meyxanaçı Balaəli Maştağalının verilişlərin birində muğam oxumasına münasibətiniz necədir?” sualına cavabda deyib:

“Meyxanaçıların efirdə muğam oxumasından qəti şəkildə narazıyam. Musiqili meyxananı ilk dəfə, Allah rəhmət eləsin, Nizami Rəmzi deyib. Amma o, mahnı oxumurdu. Meyxanaçı var, yalnız mahnı oxuyur və deyir ki, məni verilişə meyxanaçılarla deyil, müğənnilərlə dəvət edin, mən mahnı oxuyanam. Bu hal efirlərin birində yaşanıb. Bu haqda mənə dedilər, amma görməmişəm. Oxusunlar mən bir şey demirəm. Amma belə də olur ki, muğam oxuyana verilişlərdə deyirlər ki, mahnı oxu".

Xalq aristi aparıcıya iradını da bildirib: "Bu mövzunu çox uzatma, verilişini apar. Mən qəbul etmirəm. Hərə getsin öz yükünü daşısın. Muğam oxuyan muğamı da, bəstəkar mahnıları da oxuya bilir. Amma meyxana deyən meyxanasını, estrada ifaçısı isə öz mahnılarını oxusun. Onlar muğam oxuyanda balans pozulur. Bu mənim şəxsi fikrimdir".

Qeyd edək ki, bir müddət əvvəl meyxanaçılar Balaəli və Ruslan Müşfiqabadlı “Xəzər axşamı” verilişində muğam ifa ediblər. Həmin qəzəli illər əvvəl mərhum meyxanaçı Məşədibaba oxuyub.