-
- 9-10-2024, 13:16
- 604
Ürək stenti haqqında bilmədikləriniz- Həkimlə MÜSAHİBƏ
Ürək stenti haqqında bilmədikləriniz- Həkimlə MÜSAHİBƏÜrək stentləri ürəkdəki daralmış və ya tıxanmış arteriyaları müalicə etmək üçün istifadə edilən kiçik, metal boru və ya iskeletdir. Stentin mənfi təsirləri və ömürlük olub-olmaması pasientləri ən çox maraqlandıran məsələlərdəndir.
Mövzu ilə bağlı BiG.AZ invaziv kardioloq Aynur Məmmədovadan müsahibə alıb:
-Stent nədir və nə üçün taxılır?
-Stent ürək damarlarında stenoz və tıxanmaların müalicəsində istifadə edilən nazik boruvari tel hörgüdür. Angioqrafiyadan (koronar angioqrafiya) sonra həkiminiz stent yerləşdirməyi tövsiyə edə bilər. Bu tövsiyənin ən çox yayılmış səbəbi angioqrafiya nəticəsində ürək damarlarınızda stenoz və ya tıxanma aşkarlanmasıdır. Stent proseduru damarın açıq qalmasını təmin edir. Əksər hallarda angioqrafiyanın aparılmasının səbəbi fiziki aktivliklə vəya sakit vəziyyətdə xəstələrin sinə nahiyyəsində yandırıcı, göynədici xarakterli ağrılardan əziyyət çəkməsidir. Stenoz (damar daxili daralma) açıldıqda xəstənin şikayətləri də aradan qalxır. Sinə ağrısı uzun müddətdir mövcud ola bilər və ya anidən başlamış da ola bilər. Bəzi insanlarda stent planlı şəkildə, yəni təcili olmayan şəraitdə, bəzi insanlarda isə infarkt kimi təcili vəziyyətlərdə qoyulur.
İnfarkt, ürək damarlarının laxta ilə qəfil tıxanması ilə baş verir. Damar stent proseduru ilə dərhal açılmazsa, ürək toxumaları ölməyə başlayır və nəticədə qalıcı zədələnmələr baş verə bilir. Bu isə ürək çatışmazlığı ilə nəticələnir. Ürək çatışmazlığı təcili olmayan hallarda da baş verə bilər. Bu vəziyyətdə stent qoyulmasının əsas səbəbi xəstənin şikayətlərini və həyati təhlükəsini kimi aradan qaldırmaqdır.
-Stent əməliyyatının riskləri nələrdir?
-Hər bir müdaxilə proseduru kimi, stent əməliyyatının da riskləri vardır. Ciddi ağırlaşmalar hər 1000 nəfərdən 2-də baş verir. Risk insandan insana dəyişir. Məsələn, infarkt zamanı edilən təcili əməliyyatlar və ya başqa yanaşı bir ciddi xəstəliyi olan xəstələrə edilən əməliyyatlar ən təcrübəli həkimlər tərəfindən həyata keçirilsə belə, risklidir.
Stent prosedurunun mümkün fəsadlarına aşağıdakılar daxildir:
Ayaq və ya bilək arteriyasının zədələnməsi:
Giriş yeri olan ayaq (qasıq) və ya bilək arteriyasında ciddi qanaxma və ya tıxanma yarana bilər. Buna görə də nadir hallarda qanköçürmə və ya təcili damar cərrahiyyəsi tələb oluna bilər.
Ürək aritmiyaları:
Prosedur zamanı öz-özünə keçən qısa müddətli aritmiyalar tez-tez rast gəlinir, lakin heç bir əhəmiyyət kəsb etmir. Nadir hallarda şüuru pozan və dərman və ya elektroşok tələb edən təcili hallar baş verə bilər.
Böyrək çatışmazlığı:
Prosedur zamanı görüntü əldə etməyə imkan verən kontrast maddə adlanan boya hər 100 xəstədən 5-də böyrəkləri poza bilər. Öncədən böyrək problemi olanlarda risk daha yüksəkdir(Məsələn, xroniki böyrək çatışmazlığında daha yüksəkdir). Böyrəklərin funksiyasının azalması baş versə belə, adətən venadaxili maye ilə tamamilə bərpa olunur. Bəzən müvəqqəti dializ tələb oluna bilər. Daimi dializ ehtiyacı olduqca nadirdir.
Allergiya:
Nadir hallarda kontrast maddə səbəbindən allergiya inkişaf edə bilər. Dəridə qaşınma səpgiləri ola bilər; Bu müvəqqəti bir vəziyyətdir. Çox nadir hallarda, allergik reaksiyalar nəfəs almağa mane olacaq qədər şiddətlidir. Bu cür təcili hallar üçün lazım olan bütün materiallar angioqrafiya otağında mövcuddur.
Ürək infarktı:
Xəstənin ürək damarları çox incə isə, kateter bu damarları zədələyə bilər. Bu, ürək damarlarının tıxanmasına səbəb ola bilər ki, bu da infarkta səbəb ola bilər. Bu vəziyyətdə damarı açmaq üçün dərhal stent qoymaq lazımdır. Çox nadir hallarda təcili ürək əməliyyatı (bypass) tələb oluna bilər.
Ürək damarının yırtılması:
Bu problemlər nadir hallarda inkişaf edir. Əksər hallarda problem prosedur zamanı təcili müdaxilələrlə həll edilir. Çox nadir hallarda təcili ürək əməliyyatı (bypass) tələb oluna bilər.
İnsult:
Nadir hallarda ürəyə çatmağımıza imkan verən damarların incə nahiyələrindən kateterin toxunuşu ilə qopan kiçik plaklar və ya laxtalar beyin damarlarına qaça bilir. Bu, müvəqqəti və ya daimi iflicə səbəb ola bilər.
-Stent ömürlükmü olur ya müəyyən vaxtdan sonra yeniləməyə ehtiyac olurmu?
-Stentlərin müəyyən bir ömrü yoxdur. Texniki cəhətdən uğurlu stent əməliyyatından sonra xəstələrin müntəzəm olaraq dərmanlarını qəbul etməsi, yüksək qan təzyiqi və diabet kimi risk faktorlarına nəzarət etməsi və sağlam həyat tərzini həyata keçirməyə başlaması (sigaret çəkməməsi, alkoqol qəbul etməməsi) baş verə biləcək fəsadların qarşısını alır. Bunlara riayət edən əksər xəstələrdə stentlər ömür boyu açıq qalır. Stentlərin birdən-birə laxtalarla tıxanması və infarkt keçirməsi hər 100 adamdan yalnız 1-də görülən bir vəziyyətdir. Bunun bir çox səbəbi olsa da, ən çox rast gəlinən səbəb xəstənin təyin olunan qan durulaşdırıcı, loru dildə stent qoruyucu dediyimiz dərmanlardan istifadə etməməsidir.
-Bu risklər pasienti narahat edirsə, nə etməlidirlər?
-Narahat olmaqda haqlı ola bilərlər, lakin bu ağırlaşmalar çox nadir hallarda inkişaf edir. Vacib olan stentin həqiqətən lazım olub olmamasıdır. Stent taxmaq qərarı son tibbi məlumatlara və qaydalara uyğun olaraq verilirsə, bu prosedurdan qaçmaq əslində özünüzü infarkt və ölüm kimi risklərə məruz qoya biləcəyiniz deməkdir.
-Stentdaxili daralma necə müalicə olunur?
-Stentdaxili stenoz və ya obstruksiya üçün ilk həll yolu stentin içinə yenidən stent yerləşdirilməsi və ya dərmanlı balonunun köməyi ilə darlığı genişləndirməkdir. Bu müdaxilə ilə yenidən daralma ehtimalı xeyli azalır. Çox nadir hallarda təkrar stent içi stenoz problemi yaşayan xəstələr üçün bypass əməliyyatı tələb oluna bilər.