İsrailin sensasion zərbəsi
    • 11-10-2024, 23:03
    • 385

İsrailin sensasion zərbəsi


Hizbullah lideri Həsən Nəsrullahın xüsusi mühafizə, məxfilik şəraitində, hündürmərtəbəli binanın altındakı gücləndirilmiş beton bunkerdə yerləşən qərargahında hava zərbələri nəticəsində ölməsi hələ də müzakirə olunur. İsrail Hizbullah rəhbərliyinin önəmli şəxslərinin iclası haqda necə məlumat əldə edib? Nəsrullahın dəqiq yerini necə müəyyən edib və qalın beton təbəqəsini necə dəqiqliklə dəlməyi bacarıb?

Axar.az xəbər verir ki, İsrail mediası bu gün bəzi məqamlar haqda məlumat yayıb. Bildirilib ki, İsrail Hərbi Hava Qüvvələri Həsən Nəsrullahın yeraltı bunkerinə hər biri bir ton ağırlığında 83 bomba ilə eyni anda hücum edib.

Ehtimal edilir ki, bu, ABŞ-ın MK84 bombalarıdır və ABŞ onun tədarükünü dayandırmazdan əvvəl İsrail ehtiyat yığıbmış.

“İsrail a-Yom” nəşri isə bu hücumda İsrail istehsalı bombalardan da istifadə edildiyini yazıb. İddia edilib ki, Nəsrullahın bunkerini dağıtmağı bacaran bombalar İsrail müdafiə sənayesinin yeni nailiyyətidir.

Qeyd edək ki, Həsən Nəsrullah 27 sentyabrda Beyrutdakı bunkerinə raket zərbələri nəticəsində ölüb.