Ölkədən qaçan baş nazir üçün İnterpol köməyi
    • 14-10-2024, 12:23
    • 722

Ölkədən qaçan baş nazir üçün İnterpol köməyi

Banqladeş Beynəlxalq Cinayətlər Məhkəməsi (İKT) yüzlərlə insanın öldüyü tələbə etirazlarından sonra Hindistana gedən keçmiş baş nazir Şeyx Hasina Vacidin ekstradisiyası üçün Beynəlxalq Cinayət Polisi Təşkilatından (İnterpol) kömək istəyəcəyini açıqlayıb.

News24.az xəbər verir ki, Dhaka Tribune qəzetinin məlumatına görə, İKT-nin rəhbəri olan yeni baş prokuror Məhəmməd Tajul İslam məsələ ilə bağlı jurnalistlərə açıqlama verib. 

Tajul bildirib ki, məhkəmə nümayişlər zamanı “işgəncə kimi insanlığa qarşı cinayətlər” törətməkdə ittiham olunanlar üçün həbs qərarı və səyahət qadağası tələb edəcək.

Nümayişlər davam edərkən Hindistana gedən Hasinanın və xaricə qaçan digər şəxslərin ekstradisiyası üçün İnterpoldan kömək istəyəcəklərini ifadə edən Tajul, “Banqladeş əlaqələri sayəsində İnterpoldan qırmızı bildiriş tələb edə bilər. Bu yolla bir çox insanı ölkəyə qaytara biləcəyik" deyib.

Xatırladaq ki, tələbələrin rəhbərlik etdiyi etirazlar 1971-ci ildə Banqladeşdə Müstəqillik Müharibəsində iştirak etmiş şəxslərin övladlarına dövlət kvotalarının ayrılması qərarından sonra iyulun ortalarında başlayıb.

Banqladeşdə nümayişlər zamanı yüzlərlə insan həyatını itirib, minlərlə insan isə zorakılıq nəticəsində saxlanılıb.

Zorakılıq hadisələri artmaqda davam edərkən, baş nazir Şeyx Hasina rəsmi iqamətgahını tərk edərək hərbi helikopterlə Hindistana gedib, nümayişçilər isə Baş nazirin rəsmi iqamətgahına basqın ediblər.

Məryəm İlhamqızı