"Şir belə balasını özü bəsləyir, amma bizdə analar uşaqlarına qəsd edir" - BAŞ PEDİATR
    • 22-06-2019, 15:33
    • 1 459

"Şir belə balasını özü bəsləyir, amma bizdə analar uşaqlarına qəsd edir" - BAŞ PEDİATR

"Şir balasını özü doğur, özü də süd verir, həyata atılana qədər bəsləyir. Biz isə özümüzdən nələrsə kəşf edirik. Özümüz-özümüzə zərbə vururuq, təbiətə qarşı gedirik. Nəticədə təbiət də bizdən qisas alır. Bu yaşa çatmışam, hələ dərk edə bilmirəm ki, nə üçün balasını hamıdan çox istəyən ana öz uşağına ən böyük qəsdi eləyir, süd vermir". 

Bunu News24.az-a açıqlamasında K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru, Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyev bildirib. Baş pediatrın sözlərinə görə, uşaq hələ bətndə olarkən qulluq tələb edir: "Ən əsas təbiətin qoyduğu qanunları pozmamaqdır. İnsandan başqa sən elə canlı tapmazsan ki, öz balasına başqasının qidasını versin. Dünyaya uşaq gəlir, paraşok yedizdiririk, ana südündən məhrum edirik. Təbii ki, burda birinci məsuliyyət ananın üzərindədir. Bu yaşa çatmışam hələ dərk edə bilmirəm ki, nə üçün dünyada balasını hamıdan çox istəyən ana öz uşağına ən böyük qəsdi eləyir, süd vermir. Biz hesab edirik ki, ağıllıyıq, amma təbiətin ən vəhşi, güclü heyvanı şirə baxın. Heç görmüsüz ki, şir dovşanları yığıb desin ki, mən padşaham, balama süd verin. Şir balasını özü bəsləyir".  

Nəsib Quliyev keysəriyyə əməliyyatı ilə aparılan doğuşun uşaqların orqanizmində yaratdığı fəsadlardan söz açıb: "Təbiətdə bütün canlılar övladını özü dünyaya gətirir. Amma insan deyir, kəsin uşağı götürün, mən doğmaq istəmirəm. Tibb işçiləri gözəl bilirlər ki, insan həyatı üç dövrə bölünür. Doğuşa qədərki dövr (bətndaxili dövr), doğuş dövrü, doğuşdan sonrakı dövr (Postnatal). Bətndaxili dövr 9 ay, doğuş dövrü isə bir neçə saat çəkir. Doğulandan sonrakı dövrdən 100 il keçsə də, elə postnatal dövr sayılır. İndi baxın doğuş dövrü bir neçə saat çəkir, amma insan həyatının ən vacib dövrü sayılır. Ona görə ki, doğuş prosesində o qədər hazırlıq, dəyişiklik, çoxsaylı proseslər baş verir ki, insan həyatının təməlini təşkil edir. Dediyim minlərlə prossesin birini danışıram. Uşağın bətn daxilində ciyərləri su ilə dolu olur. Yəni dölyanı maye ilə tam tutulmuş olur. Uşaqlıqda hava yoxdur axı, uşaq suyun içində böyüyür, ciyərləri də su ilə dolu olur. Yeganə təbiətin qoyduğu yoldur ki, hər kiloqram bədən çəkisinə 30 - 40 milli litrə qədər ciyərlərdə su olur. Obrazlı dildə desək, ağzına qədər su ilə dolu olur. Doğuş prosesində uşaq göbək ciyəsi ilə ana bətninə bağlı olaraq, bütün oksigeni anadan ala-ala doğuş yollarından keçir, uşağın döş qəfəsi uşaq yolunda sıxılır, passiv qaydada ciyərlərində olan maye axıb gedir. Uşağ anadan olan kimi qışqırır, yəni tənəffüs edir. Təsəvvür edin, cərrahi yolla götürülən uşaqda ciyərlər su ilə dolur, uşağı elə də çıxarırlar. Ən qorxulusu da odur ki, dünyada elə üsul yoxdur ki, o mayeni ciyərlərdən çıxarsın. Ona görə də uşaq nəfəs almaq əvəzinə, başlayır inildəməyə. Uşaq ciyərlərdəki maye qana sovrulana kimi inildəyir. Bu da sonrada bir çox fəsadlara gətirib çıxarır".  

Afaq Mirayiq