Azərbaycan sərhədlərini bu xətt üzrə çəkəcək
    • 16-10-2024, 13:08
    • 955

Azərbaycan sərhədlərini bu xətt üzrə çəkəcək

Milli Məclisin sədr müavini Ziyafət Əsgərov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Ermənistan tərəfi iddia edir ki, sülh müqaviləsinin razılaşdırılmış müddəaları üzrə saziş imzalana bilər. Bu, nə dərəcədə məntiqlidir? Yarımçıq razılaşmaya hansı əsasla imza atmaq olar?

- Prezident İlham Əliyev növbəti dəfə Azərbaycan ictimaiyyətinə, dünyaya, Avropa Birliyinə açıq şəkildə Ermənistanın nə işlə məşğul olduğunu bəyan etdi. Azərbaycan Prezidenti bir daha vurğuladı ki, Ermənistan sülh müqaviləsinin bağlanmasında maraqlı deyil. “Nəyi razılaşdırımışıqsa, ona imza ataq. Qalan məsələləri sonra həll edərik” anlayışı başa düşülən deyil. Belə yarımçıq müqavilə olmur. Bu dünya sülh tarixində görünməyən bir yanaşmadır.

- Azərbaycanın əsas şərti nədən ibarətdir?

- Əgər razılaşmada göstərilən məsələlərdən biri tənzimlənmirsə, sülh müqaviləsinin imzalanması mümkün olmur. Dövlətlərarası imzalanan müqavilədə bütün məsələlər tənzimlənməlidir. Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiasını saxlayıb, bunu inkar etmək heç bir məntiqə uyğun deyil.

- Bunu necə əsaslandırırlar?

- Deyirlər ki, bu, ərazi iddiası deyil. Hətta Ermənistan Konstitusiya məhkəməsi qondarma bir izahat yayımladı ki, Ermənistan konstitusiyasında əksini tapmış həmin müddəalar Azərbaycana qarşı ərazi iddiası hesab edilə bilməz. Bu da məntiqli deyil. Çünki həmin əsassız iddialar Ermənistan Konstitusiyası ilə yanaşı, digər hüquqi aktlarından da çıxarılmalıdır.

- Azərbaycanla Ermənistan arasında sərhədlərin dəqiqləşməsi ilə bağlı reqlamentin Ermənistan Konstitusiya məhkəməsi tərəfindən geri qaytarılmadığını əsas gətirirlər. İddia edirlər ki, imzalanacaq sülh müqaviləsinə qarşı də eyni yanaşma olacaq...

- Bu, zidiyyətli yanaşmadır və nonsensdir. Fakt odur ki, erməni tərəfi sülh müqaviləsinin bağlanmasını istəmir.

- Prosesi bu cür manipuliyasiya etmək nəyə hesablanıb?

- Dünya birliyinə göstərməyə çalışırlar ki, guya erməni tərəfi sülhə hazırdır. Hətta Nikol Paşinyan Rusiyada açıqlama verdi ki, bir aya da sülh müqaviləsini imzalamaq olar. Niyyətləri Azərbaycanın guya sülhə qarşı olduğunu göstərməkdir. Bununla da vaxt qazanıb silahlanmağa çalışırlar. Revanşizm onların beynindən çıxmayıb. Nə vaxtsa güclənib Azərbaycandan istədiklərini almaq kimi xəstə xəyallarla yaşayırlar. Sözsüz ki, Azərbaycanın bundan sonra zəif olması mümkün deyil. Azərbaycan bundan sonra daha da güclənəcək. İtirən isə yenə də Ermənistan olacaq.

- Proseslərin bu məcrada inkişafı necə nəticələnə bilər?

- Əgər, Ermənistan sülh müqaviləsi ətrafında bu cür manipuliyasiya edəcəksə, Azərbaycan da sərhəddi istədiyi yerdən çəkəcək. Bundan isə Ermənistan heç nə qazanmayacaq. Fakt bu gün erməni xalqının mənafeyindən uzaq olaraq Fransa, ABŞ kimi ölkələr burada maraqlarını güdür.