Son şərtlər də qəbul edildi - Sülh sazişi imzalanır
    • 18-10-2024, 10:29
    • 1 555

Son şərtlər də qəbul edildi - Sülh sazişi imzalanır

Azərbaycan-Ermənistan arasında danışıqlar dayandırılmayıb. Bütün fikir ayrılıqlarına rəğmən, bu danışıqlar davam etdirilir. Həmçinin razılaşdırılmayan məqamların həlli üçün üsullar axtarılır. Ermənistan parlamentinin spikeri Alen Simonyan sıradan bir şəxs deyil. O baxımdan düşünürəm ki, o, dediklərinin məsuliyyətini anlayır və buna görə danışır. Ona görə də əgər bütün məqamlar razılaşdırılıb iddiası orta da varsa, demək ki, mövqelərdə yaxınlaşmaq var.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Natiq Miri deyib.

Onun sözlərinə görə, bu razılaşdırma, yaxınlaşma konkret Azərbaycanın şərtlərinin yerinə yetirilməsi kontekstində mümkündür:

“Bunun yolları haqqında məlumat verilməyib. Ancaq hər halda əgər razılaşdırılıbsa, demək ki, ortada Azərbaycanı qane edəcək məsələ var. Türkiyədə 3+3 regional platformasının görüşü baş tutacaq. Ermənistan xarici işlər naziri Ararat Mirzoyan da İstanbulda keçiriləcək görüşə qatılacaq. Düşünürəm ki, burada da bir çox məsələlərin razılaşdırılması kontekstində irəliləyişlər ola bilər.

Bu, regional platformadır. Həmçinin burada iştirak edən bütün dövlətlər regionda olan problemlərin məhz region çərçivəsində həll olunmasının tərəfdarıdır. Ona görə də düşünürəm ki, Türkiyədə keçiriləcək növbəti görüş regiona sülh gətirmək adına çox əhəmiyyətli bir imkandır. Bu imkanı fürsətə çevirə bilərlərsə, inanılmaz müsbət nəticələr olacaq. Yəni sülh yaxın kimi görünür. Əgər hər hansı bir xarici müdaxilə və təxribat olmasa, Ermənistanı hansısa təxribatçı addımlara vadar etməsələr, üfüqdə sülh görünür. Ancaq bunun həyata keçirilməsi üçün konkret şərtlər var ki, bu da Ermənistan Konstitusiyasında ərazi iddiasının aradan qaldırılmasıdır. Paralel olaraq ATƏT-in Minsk qrupu institutunun ləğvi ilə bağlı birgə müraciətdir. Əslində ikinci məsələ ilə bağlı elə bir ciddi problem yoxdur. Sadəcə, Ermənistanı bu addımı atmağa imkan vermirlər. Ancaq Ermənistan bu addımı ata biləcək səviyyədədir.

Paşinyan baxmayaraq ki, bir neçə qlobal güc mərkəzləri arasında manevr etməklə, hələlik bu vaxta qədər Ermənistanı sağ saxlaya bilibsə, bundan sonra da bu vəziyyəti davam etdirmək üçün yollar və imkanlar tapacaq. Üstəlik, Paşinyan hansı güc mərkəzi olur-olsun, gələcək perspektiv nöqteyi nəzərindən Ermənistanı müstəqil subyekt görmək istəyir. Doğrudur, indiki vəziyyətdə daha çox Qərbin tezislərini, əmrlərini yerinə yetirmiş kimi görünür. Ancaq Rusiyanın orbitindən uzaqlaşmaq üçün mütləq mənada hansısa gücə sığınmağa ehtiyac var. Ancaq Ermənistan zaman-zaman müəyyən addımlarla müstəqil olduğunu nümayiş etdir. Bu baxımdan sülh sazişi və Zəngəzur dəhlizi ilə bağlı belə qərarların verilmə ehtimalını istisna etmirəm”.

Politoloq bildirib ki, Azərbaycan-Ermənistan arasında sülh sazişi üçün əsas hüquqi təminatdır:

“Bu da Konstitusiyanın müstəqillik aktı, yəni preambulasında qeyd olunan ərazi iddialarının aradan qaldırılması ilə bağlıdır. Əgər Simonyanın dediyi həqiqəti əks etdirirsə, demək ki, bu müddəaların aradan qaldırılması ilə bağlı razılaşma var. Bunun hansı şəkildə olmasına gəlincə bu barədə heç bir məlumat yoxdur.

Simonyanın iddiası Ermənistanın digər rəhbər şəxsləri tərəfindən nə təsdiq, nə təkzib olunur. Eyni şey Azərbaycana da aiddir. Müəyyən danışıqlar əsasında konkret hansısa razılaşmalar ola bilər. Simonyan sadəcə erməni hiyləsi ilə bu cür qeyri-ciddi açıqlama verə bilməzdi. Demək ki, ortada əsaslar var. Ancaq bu əsaslar Azərbaycana veriləcək təminatla bağlı ola bilər. Bu təminatın forması və zamanı hələlik bəlli deyil. Ancaq əgər belə bir iddia həqiqətə söykənirsə və Azərbaycan buna razılıq veribsə, düşünürəm ki, sülh heç də uzaqda deyil. COP29 sammiti ərəfəsində və yaxud da sammitin gedişatında sülh müqaviləsi yeni çərçivə sazişi imzalana bilər. Yaxud da ki, razılaşdırılmış məqamlar paraflana bilər. Hər bir halda belə bir sənədin ortalığa çıxması COP29 və Azərbaycanın nüfuzunu bir az daha artırardı”.