ŞOK! İlin sonlarına doğru sürətlənəcək... - HƏYƏCAN TƏBİLİ!
    • Bu gün, 10:42
    • 278

ŞOK! İlin sonlarına doğru sürətlənəcək... - HƏYƏCAN TƏBİLİ!

Beynəlxalq Valyuta Fondunun icraçı direktoru Kristalina Georgiyeva bildirib ki, rəhbəri olduğu qurum qlobal inflyasiyanın geriləməsini qeydə alır: “Qlobal inflyasiyanın böyük dalğası geriləyir. Güclü pul-kredit siyasəti, tədarük zəncirindəki məhdudiyyətlərin yumşaldılması və aşağı ərzaq və enerji qiymətləri birlikdə bizi qiymət sabitliyi yoluna qaytarır”.

Georgieva qlobal inflyasiyanın 2022-ci ildəki 14 faizdən 2024-cü ildə 4 faizdən aşağı düşdüyünü qeyd edib: “Və bu, pandemiya zamanı və keçmiş inflyasiya dövrlərindən sonra gördüyümüz və bir çoxlarının ABŞ və avrozona əmək bazarlarında yenidən görəcəyimizdən qorxduğu bir şey -  qlobal iqtisadiyyatı tənəzzülə və kütləvi iş yeri itkilərinə sürükləmədən edildi”.

Buna baxmayaraq, fond rəhbəri bildirib ki, inflyasiya səviyyəsi azalsa da, insanların “pul kisələrində” hiss olunan qiymət artımı hələ də qalmaqdadır: “Ailələr əziyyət çəkir, insanlar qəzəblənir. İnkişaf etmiş iqtisadiyyatlarda inflyasiya səviyyəsi bir çox inkişaf etməkdə olan iqtisadiyyatlarkı kimi bir nəsil yüksəkdir. Amma görün, aşağı gəlirli ölkələrdə vəziyyət necə pisdir. Həm ölkə səviyyəsində, həm də dövlət səviyyəsində insanların ayrı-ayrı kateqoriyaları arasında inflyasiya həmişə yoxsullara daha çox zərbə vurur”.

BVF rəhbəri ilə yanaşı, Avropa Mərkəzi Bankı da inflyasiya təzyiqinin artması ehtimalını yüksək qiymətləndirir. Oktyabrın 17-də hər üç faiz dərəcəsini endirən tənzimləyicinin rəhbərliyi hesab edir ki, istehlak qiymətlərinin artım tempi yaxın aylarda daha da sürətlənəcək, daha sonra isə növbəti il ərzində hədəf 2 faizlik səviyyəyə enəcək.

Hazırda qlobal səviyyədə ən çox narahatlıq doğuran məqam ərzaq qiymətlərində yenidən artımın müşahidə olunmasıdır. Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) aylıq hesabatına əsasən sentyabrda dünya ərzaq qiymətləri son 18 ayda ən yüksək templə artıb. Əsas ərzaq mallarının beynəlxalq qiymət indeksi sentyabrda avqust ayından 3 faiz və bir il əvvəlki müvafiq göstəricidən 2,1 faiz yuxarı olmaqla 124,4 bənd təşkil edib. Bu ilin sentyabrına qədər mart-may ayları arasında qiymətlərdə cüzi artım müşahidə olunsa da, indeks 2023-cü il səviyyəsindən aşağıda qalmışdı.

FAO bildirir ki, əsas ərzaq məhsullarının qiymətlərinin artmasında əsas rolu şəkərin beynəlxalq qiymətlərinin 10,4 faiz artması oynayıb. Bundan əlavə, sentyabrda FAO taxıl qiymətləri indeksi 3 faiz artıb. Buna buğda və qarğıdalı üçün ixrac qiymətlərinin artması səbəb olub. FAO izah edir ki, beynəlxalq buğda qiymətləri əsasən Kanada və Avropa İttifaqında həddindən artıq yağışlı hava şəraitinin məhsullara mənfi təsiri ilə bağlı narahatlıqlar səbəbindən artıb. Bahalaşma Qara dəniz regionundan tədarükün rəqabətli qiymətlərilə qismən kompensasiya edilib.

Sentyabrda bitki yağı qiymət indeksi 4,6 faiz, süd məhsulları 3,8 faiz və ət indeksi 0,4 faiz artıb.

Asiyada ərzaq qiymətlərinin daha sürətlə bahalaşması qlobal bazarlara ciddi təsir edən amildir. Bu bahalaşmaya El Nino cərəyanının yaratdığı iqlim kataklizmlərinin səbəb olduğu bildirilir.

Beləliklə, qlobal bazarlarda ərzaq qiymətlərinin yenidən bahalaşması prosesi başlayıb. Aydın məsələdir ki, bu proses ərzaq təminatı böyük ölçüdə idxaldan asılı olan Azərbaycan bazarında əksini tapır. Rəsmi statistikaya əsasən 2024-cü ilin sentyabr ayında Azərbaycanda istehlak qiymətləri indeksi 2023-cü ilin sentyabr ayına nisbətən 3,5 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 2,9 faiz, qeyri-qida məhsulları üzrə 1,9 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5,7 faiz artıb. 2024-cü ilin sentyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,3 faiz, yanvar-sentyabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,5 faiz yüksəlib.

Dövlət Statistika Komitəsi sentyabr ayında əvvəlki aya nisbətən daha çox bahalaşmanı uzun və yumru düyünün, mal və qoyun ətinin, kolbasa məmulatlarının, kərə yağının, yumurtanın, şaftalının, qozun, şabalıdın, pomidorun, şirin bibərin, badımcanın, göy lobyanın, yerkökünün, sarımsağın, soğanın, kartofun, ucuzlaşma isə qarabaşaq yarmasının, limonun, almanın, armudun, üzümün, ağ kələmin, xiyarın, balqabağın, süfrə çuğundurunun qiymətlərində qeydə alıb. Bu isə o deməkdir ki, faktiki olaraq, bütün əsas ərzaq məhsullarının qiymətində bahalaşma var, azsayda qeyri-əsas ərzaq məhsullarının ucuzlaşması onu kompensasiya etmək üçün yetərli deyil.

Rəsmi statistikadan aydın olur ki, Azərbaycanda emal sənayesində istehsalçı qiymət indeksi illik ifadədə dəyişməz qalsa da, əvvəlki ayla müqayisədə kənd təsərrüfatı məhsullarının istehsalçı qiymət indeksi 0,9 faiz artıb. Bu zaman bitkiçilik məhsulları üzrə artım 0,4 faiz, heyvandarlıq məhsulları üzrə  isə 1,4 faiz təşkil edibr. Eyni zamanda bitkiçilik məhsullarının istehsalçı qiymət indeksi ötən ilin sentyabrı ilə müqayisədə 7,2 faiz, heyvandarlıq məhsullarınınkı isə 5,1 faiz artıb.

İstehsalçı qiymət indekslərindəki artım adətən 1-2 ay ərzində daxili bazara təsirini göstərir.

Maraqlıdır ki, qlobal bazarlarda qiymət bahalaşması sentyabrdan qeydə alınsa da, Azərbaycana idxal olunan məhsulların qiymət indeksləri avqust ayından artıb.  Belə ki, avqustda idxal olunan məhsulların qiymət indeksində  əvvəlki ayla müqayisədə 1,4 faiz, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 20,3 faiz, 2024-cü ilin yanvar-avqust aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən 17,0 faiz artım qeydə alınıb.

İxrac olunan qeyri neft-qaz məhsullarının qiymət indeksi isə 2024-cü ilin avqust ayında əvvəlki ayla müqayisədə 2,2 faiz, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 15,3 faiz, 2024-cü ilin yanvar-avqust aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən 12,0 faiz artıb.

Qeyd edək ki, Azərbaycan hökumətinin ilkin proqnozunda 2024-cü ildə illik inflyasiyanın 5.2 faiz təşkil edəcəyi nəzərdə tutulsa da, ilin birinci yarısının yekunları əsasında dəyişiklik edilərək göstərici 2,7 faizə endirilib.

Hökumət gələn il üçün Azərbaycanda inflyasiyanı 4,6 faiz proqnozlaşdırıb. Maliyyə Nazirliyinin təqdim etdiyi “Azərbaycan Respublikasının 2025-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama”ya əsasən İqtisadiyyat Nazirliyi tərəfindən beynəlxalq təşkilatların əmtəə qiymətləri ilə bağlı proqnozları, manatın məzənnəsinin sabitliyi,eləcə də antiinflyasiya tədbirləri əsas götürülərək baza ssenaridə orta illik inflyasiya 2025-ci ildə 4,6 faiz proqnozlaşdırılıb. Bu göstəricinin tədricən azalaraq 2026-cı ildə 4 faiz, 2027 və 2028-ci illərdə isə 3,8 faiz olacağı gözlənilir.

Xatırladaq ki, 2023-cü ildə Azərbaycanda orta illik inflyasiya 8,8  faiz təşkil edib.

Azərbaycan hökuməti ilə yanaşı bəzi  beynəlxalq maliyyə-kredit təşkilatları da cari il üçün inflyasiya gözləntilərinə azalma istiqamətində dəyişiklik ediblər. Sentyabrda Asiya İnkişaf Bankı (AİB) Azərbaycanda orta illik inflyasiya tempinin 2024-cü il üçün 2,1  faiz, 2025-ci il üçün isə 3,8  faiz səviyyəsində proqnozlaşdırıb. Əvvəlki aprel hesabatında inflyasiya gözləntiləri müvafiq olaraq 5,5 faiz və 6,5 faiz səviyyəsində idi.  AİB-in hazırladığı hesabatın müəllifləri hesab edirlər ki, davam edən sərt pul-kredit siyasətinin təsirləri inflyasiyanın azalmasına kömək edib: “Qlobal əmtəə qiymətlərinin artımının yavaşlaması və Azərbaycanın əsas ticarət tərəfdaşlarında inflyasiyanın azalması, yüksək faiz dərəcələri ilə birlikdə orta illik inflyasiya səviyyəsini 2023-cü ilin birinci yarısındakı 12,7 faizdən bir il sonra 0,7 faizə endirib”.

Hesabat müəlliflərinin qeyd etdiyi kimi, iyun ayının sonundan yanacağın inzibati qiymətlərinin artırılmasının 2024-cü ilin ikinci yarısında inflyasiyanın artmasına səbəb olacağı gözlənilsə də, ilin birinci yarısında çox aşağı inflyasiyanı nəzərə alaraq illik inflyasiya səviyyəsinin əvvəllər proqnozlaşdırılandan aşağı olacağı gözlənilir.

Lakin Dünya Bankının ekspertləri tamam fərqli mövqedədirlər. Onlar kı Azərbaycanda 2024-cü il üçün illik inflyasiya proqnozuna yenidən baxaraq göstəricini aprel ayında gözlədikləri 3  faizdən 4,2  faizə yüksəldiblər. Bankın yenilənmiş hesabatına əsasən, 2025-ci il üçün proqnoz 3,5  faizdən 3,4  faizə, 2026-cı il üçün isə 4  faizdən 3 faizə endirilib. Hesabatda qeyd olunub ki, iyun ayında yanacağın bahalaşması ilə əlaqədar ilin ikinci yarısında müəyyən sürətlənməyə baxmayaraq, bu il inflyasiya Azərbaycan Mərkəzi Bankının (AMB) hədəf göstəricisi həddində qalacaq. Ortamüddətli perspektivdə güclü xarici təzyiqlərin olmayacağı şəraitdə daxili tələbin yavaşlaması fonunda orta illik inflyasiya təxminən 3,2  faiz (əvvəlki gözlənti 2,2  faiz olub) səviyyəsində proqnozlaşdırılır.

Dünya Bankı həmçinin əlavə qeyri-müəyyənlik yaradan və xammal qiymətlərinin artmasına təsir edə bilən geosiyasi gərginliyin davam etdiyini bildirir.

Azərbaycan Mərkəzi Bankı isə iyul ayında verdiyi açıqlamada baza ssenari üzrə inflyasiyanın 2024-cü ildə 5,4 faiz, 2025-ci ildə isə 5,5 faiz olacağını proqnozlaşdırdığını bildirib. Bu, apreldə verilən proqnozdan yüksəkdir. Tənzimləyici bildirib ki, proqnozlara yenidən baxılması manatın nominal effektiv məzənnəsinin daha aşağı templə möhkəmlənməsi gözləntisi və qiymətləri dövlət tərəfindən tənzimlənən məhsul və xidmətlərin qiymət və tariflərində edilən dəyişikliklərlə bağlıdır. Mərkəzi Bank tənzimlənən qiymətlərdə artımın inflyasiyaya təsirini 1,5 faiz bəndi səviyyəsində qiymətləndirir ki, bunun da 1 faiz bəndi 2024-cü ildə reallaşa bilər.

Qeyd olunanlar göstərir ki, ilin sonunadək Azərbaycanda xüsusilə ərzaq bazarında qiymət artımları davam edəcək, yaxud daha da sürətlənəcək. Nəzərə alsaq ki, yanvardan ölkədə minimum əmək haqqı və pensiya məbləğlərində artımlar ediləcək və belə artımlar olanda inhisarlaşmış istehlak bazarında qiymətlərə hətta real iqtisadi əsas olmasa belə,  artım istiqamətində yenidən baxılır, onda 2025-ci ilin ilk rübündə də inflyasiyanın sürətlənəcəyini gözləmək olar.

// “Yeni Müsavat”