-
- 19-10-2024, 22:45
- 496
İnternetdən asılı qalan məktəb DƏRSLİKLƏRİ
Məktəblərdə bəzi dərslərin keçirilməsində əlavə və ya köməkçi vəsaitlərdən istifadə olunur.
Əvvəllər bu ancaq kitab, jurnallar idisə, indi bunu onlayn platformalar, hər gün yenilənən internet məlumatları əvəzləyir.
Elə bəzi məktəb dərsliklərində də dərsin tamamilə qavranması, mövzunun əhatəli öyrənməsi üçün müxtəlif platformalardan istifadə tövsiyə olunur. Nümunə üçün deyək ki, musiqi, tarix, ədəbiyyat və digər fənnlərin tədrisində mövzuya dair filmlərin, musiqilərin, şeirlərin, yaradıcı insanlar haqqında sənədli filmlərin izlənməsi və onun ətrafında müzakirənin aparılması şərtdir.
Lakin Azərbaycanın ucqar kənd məktəblərinin bəzisində hələ də internet yoxdur.
Bəs belə olduqda həmin dərslər necə tədris olunmalıdır? Dərslik hazırlanarkən niyə bunlar nəzərə alınmır?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, təhsil tədqiqatçısı Elmin Nuri deyib ki, dünyanın çağdaş təhsil trendlərindən fərqli olaraq bizdə dərsliklər hələ də modern texnoloji informasiyaya tam da cavab vermir:
“Dərsliklərin məzmun tərəfi ilə yanaşı forma tərəfində də əvvəlki standartlar, klassik ənənələr bizdə hələ də qalır. Düşünmürəm ki, istər dərsliklərin, istər onların əsasında keçirilən dərslərin böyük əksəriyyəti İT texnologiyasından asılı deyil. Belə olması çox yaxşı olardı, çünki müasir təhsilin tələbi həm də rəqəmsallaşmaqdır. Bu gün bu, bizdə əsasən özəl məktəb, lisey və gimnaziyalarda, eləcə də dövlət təmayüllü xüsusi lisey və gimnaziyalarda həyata keçirilir, o da tam deyil.
Bu istiqamətdə danışarkən neqativ detala toxuna bilmərik. Çünki biz hələ o mərhələyə gəlib çıxmamışıq. Kompüter, internet imkanları tələb edən dərs və dərsliklər orta məktəblərimizdə daha geniş yayıldıqdan sonra yəqin ki, bu problemlər o qədər də yaşanmaz. Doğrudur, kimsə deyə bilər ki, bizim məktəbdə dərsliklər müasir standartlara cavab verir, dərsliklər əsasən İT texniki avadanlıqların çərçivəsində tətbiq olunur. Mən bunları istisna kimi qəbul edərəm, bizim dediklərimiz isə ümumi çoxluq haqqındadır.
Çoxluq isə buna cavab vermir, bizim reginonlarda bəzi yerlər var ki, orada hələ kompüter imkanları yoxdur, Elə bir təhsil mühitində dərsliklərin özü İT standartlı ola bilərmi”?!”
O bildirib ki, “Youtube” platformasında musiqi dinlətmək İT alətlərindən istifadə etmək deyil:
“Artıq musiqi dərslərinin özü belə hazırkı dövrdə süni intellekt əsasında keçirilməlidir. “Youtube” platformasında mahı dinlətmək İT alətlərini istifadə etmək deyil, indi müxtəlif süni intellekt maşınları var ki, modern musiqi dərslərində onlara əmr verilir və həmin süni intellekt özü mahnı bəstələyərək, ifa edir. Bu artıq dərsliklərdə müasir standtartaların tətbiqi deməkdir”.