Qaya Məmmədov kimdir? - DOSYE
    • Bu gün, 11:37
    • 342

Qaya Məmmədov kimdir? - DOSYE

Azərbaycanın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasındakı (ATƏT PA) nümayəndə heyətinin rəhbəri müəyyənləşib.

News24.az APA-ya istinadla xəbər verir ki, nümayəndə heyətinin Qaya Məmmədov Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri olub. Bundan öndə Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Azay Quliyev idi.

News24.az Musavat.com-a istinadla Qaya Məmmədovun dosyesini təqdim edir.

Q.Məmmədov 1979-cu ildə anadan olub. 1999-cu ildən Azərbaycanın diplomatik fəaliyyət göstərir.

Q. Məmmədov Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər fakültəsinin bakalavr və magistratura pillələrini bitirib, ABŞ-nin Taft Universitetinin Fletçer adına Hüquq və Diplomatiya Məktəbində diplomatiya üzrə magistr təhsili alıb.

NATO Müdafiə Kollecinin 2005-2006-cı illər üzrə 107-ci Ali kursunun məzunudur.

Almaniya Xarici İşlər Nazirliyinin Diplomatiya Məktəbində, Harvard Universitetinin Con F.Kennedi adına İdarəçilik Məktəbində, Təhlükəsizlik məsələləri üzrə Corc Marşal adına Avropa Mərkəzində və ABŞ Milli Müdafiə Universitetində təlimlər keçib.

Xarici İşlər Nazirliyinin müxtəlif idarələrində, o cümlədən Azərbaycan Respublikasının Almaniyada səfirliyində, NATO yanında nümayəndəliyində müxtəlif diplomatik vəzifələrdə çalışıb. Q.Məmmədov 2007-2008-ci illərdə NATO Beynəlxalq Qərargahının Müdafiə siyasəti və planlaması idarəsində tərəfdaşlıq zabiti vəzifəsində işləyib.

2013-2017-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq Təhlükəsizlik idarəsinin rəisi vəzifəsində çalışıb.

2018-ci il tarixində Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı təyin edilib, 2022-ci ildə vəzifəsindən geri çağırılıb.

2022-ci ildən Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Baş İdarəsinin rəisi olub.

Qaya Məmmədov 31 saylı Suraxanı ikinci seçki dairəsindən Milli Məclisin deputatı seçilib.

Q.Məmmədov 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Diplomatik xidmətdə fərqlənməyə görə” medalı ilə təltif edilib.