Şirməmməd Hüseynovun qızı:
    • 25-06-2019, 13:25
    • 1 623

Şirməmməd Hüseynovun qızı: "Atam şərəfli ömür yaşayıb"

Bu gün Bakı Dövlət Universitetində Azərbaycanın görkəmli alim və mətbuat tədqiqatçısı, Ali Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, Bakı Dövlət Universitetinin mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru, Azərbaycan jurnalistikasının görkəmli simalarından biri Şirməmməd Hüseynovla vida mərasimi keçirilib.

Vida mərasiminə dövlət rəsmiləri, ictimai siyasi xadimlər, müəllim kollektivi, bütün tələbələr qatılıb. 

News24.az-ın xəbərinə görə, vida mərasimində çıxış edən Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev bildirib ki, azərbaycançılıq ideologiyasının alovlu tədqiqatçısı olan Ş.Hüseynov gənclərin milli ləyaqətli jurnalist kimi yetişdirib, onlara milli təəssübkeşlik, vətəndaşlıq ləyaqəti, azad fikirlilik, yaradıcılıqda obyektivlik kimi keyfiyyətləri aşılayıb.

O, Azərbaycan jurnalistikasının milli xüsusiyyəllərini özünə məxsus şəkildə tədqiq etməyi bacarırdı:" Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının fəaliyyətlərini məqalələrində, monaqrafiyalarında yorulmadan tədqiq edirdi. Dövlətimiz hər zaman Şirməmməd müəllimin əməyini yüksək qiymətləndirirdi. Şirməmməd müəllim 2005-ci ildən prezident təqaüdçüsüdür, 2014 -cü ildən isə öıkəmizin ən yüksək ordeni olan "Şərəf" ordeninə layiq görüldü. O, ustad idi. O, qəlbində böyük Vətən sevgisi yaşadırdı. O çox arzulayırdı ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini keçirsin. O, bunu gördü. Amma çox təəssüf ki, o, BDU-nun 100 illiyini qeyd edə bilmədi, amma onun UNESCO-da keçirildiyini gördü".
BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev deyib ki, Ş.Hüseynovun ölümü Azərbaycanın ictimai fikri üçün böyük itkidir. 

Onun sözlərinə görə, Azərbaycandakı hər bir jurnalist Ş.Hüseynov məktəbini keçib: "Əbədiyyət məhz belə şəxsiyyətlərin ona qovuşması ilə təşəkkül tapır. Şirməmməd müəllim bir araşdırmaçı olmaqla yanaşı, bir vicdanlı müəllim də olaraq, tələbələrinin yetişməsi üçün özünü şam kimi yandırırdı. O, hər məqaləsi çıxanda bizə zəng edib onu oxuyub- oxumadığımızla maraqlanırdı. Sanki istəyirdi ki, biz hər zaman öyrənə k. Biz onun məktəbinin davamçısı olaraq, bu yolu şərəflə addımlayacayıq".

BDU-nun Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri Cahangir Məmmədli bildirib ki, Şirməmməd Hüseynov klassik Azərbaycan ənənələrini bizə öyrtəməklə özü də klassik məktəb yaratdı. 

Ş.Hüseynovun ölümünün Azərbaycan üçün böyük itki olduğunu deyən C.Məmmədlinin sözlərinə görə, o, böyük bir jurnalist və tədqiqatçı idi: "Mən özüm də o məktəbin nümayəndəsiyəm. Şirməməd Hüseynli məktəbinin nümayəndələri bütöv Azərbaycan jurnalistləridir. O, bizə azərbaycançılığı öyrətdi. O, Məmməd Əmin Rəsulzadə məktəbini bizə öyrətdi. O məktəb elm tarixində yaşayacaq. Bu gün mən ikinci dəfə atamı itirdim. Allah ona rəhmət eləsin ".

"Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov Ş.Hüseynovla 50 il əvvəl tanış olduğunu söyləyib. 
Onun sözlərinə görə, 1971-ci ildə Ş.Hüseynov jurnalistika fakültəsinə dekan olduqdan sonra onunla daim təmasda olub:"Sovet dövründə sözü açıq demək mümkün deyildi. Amma o, siyasi icmallarda, iclaslarda sözü məharətlə deməyi bacarırdı, sözün düzünü deyirdi. O, oxumayan tələbələrə qiymət yazmırdı, halal insan idi, öz nümunəsi ilə bunu da tələblərinə aşılayırdı. O, özündən sonra böyük irs qoyub getdi. Amma ən böyük irsi övladlarıdır".

Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, Şirməmməd müəllimdə həyat eşqi çox idi. O, yaşasaydı, daha çox kitabları, əsərləri işıq üzü görərdi:"Şirməmməd müəllim Azərbaycan mətbuatının sonuncu magikan idi. O, zirvə idi. O, dərs dediyi tələbələri üçün nümunə idi".

Ə.Amaşovun sözlərinə görə, Ş.Hüseynov elə bir məktəb yaratdı ki, o məktəbin məzunları həmin məktəbin yandırdığı işığı alovlandıracaqlar:" Mən Azərbaycan jurnalistləri adından onun cansız vücuduna üz tutaraq deyirəm ki, sənin getdiyin bu yol bundan sonra daha işıqlı və uğurlu olacaq".

Vida mərasimində mərhumun ailəsi adından Ş.Hüseynovun qızı, Prezident Administrasiyasının Humanitar məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva çıxış edib. O, vida mərasiminə gələn bütün insanlara təşəkkür edib:"Atam Bakı Dövlət Universitetini özünün birinci evi hesab edird. O, 60 il bura gəlib-gedib. Atam şərəfli ömür yaşayıb. Bu ömür yolunda da ləyaqətli miras qoyub. Bu miras onin təmiz adı idi. Biz hələ uşaq ikən onun arzusu bu idi ki, Azərbaycan dövləti müstəqil olsun. Bu, çoxlarına əlçatmaz yuxu kimi görünəndə atam bunun olacağına inanırdı. Buna görə də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi keçiriləndə atam ən əziz övladının xoş günü kimi ona sevinirdi. Atam uzun illər Azərbaycan Prezidentinin və Birinci vitse-prezidentinin qayğısını görüb".

Afaq Mirayiq