-
- 27-10-2024, 03:10
- 1 524
NASA-nın kosmosdan qayıdan astronavtı xəstəxanaya yerləşdirilib
ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) astronavtı “Crew-8” missiyası çərçivəsində Yerə qayıtdıqdan sonra xəstəxanaya yerləşdirilib.
News24.az NASA-nın açıqlamasına istinadla xəbər verir ki, cümə günü, oktyabrın 25-də Florida sahillərində Atlantik okeanına eniş etdikdən sonra astronavt özünü pis hiss edib. O, rusiyalı kosmonavt Aleksandr Qrebenkinin də daxil olduğu “Crew-8” missiyası çərçivəsində Yerə qayıtdıqdan sonra səhhətində yaranan problem səbəbindən xəstəxanaya yerləşdirilib.
NASA bildirib ki, cümə günü, oktyabrın 25-də Florida sahillərində Atlantik okeanına eniş edən astronavt özünü pis hiss edib. Rus kosmonavt da daxil olmaqla bütün dörd ekipaj üzvü Pensakola (Florida) xəstəxanasına aparılıb. Tibbi müayinədən sonra Qrebenkin və daha iki ekipaj üzvü Texas ştatının Hyuston şəhərindəki Conson Kosmik Uçuş Mərkəzinə aparılıb.
Bildirilib ki, xəstəxanaya yerləşdirilən və adı açıqlanmayan NASA astronavtının vəziyyəti sabitdir və həkimlərin nəzarəti altındadır. ABŞ Kosmik Agentliyi qeyd edib ki, onun xəstəxanaya yerləşdirilməsi ehtiyat tədbiri kimi həyata keçirilib.
ABŞ-ın “SpaceX” şirkətinin “Crew Dragon” kosmik gəmisi “Crew-8” missiyasının heyəti ilə birlikdə oktyabrın 25-də Yerə qayıdıb. Rusiyalı kosmonavtla yanaşı, 2024-cü ilin mart ayından orbital stansiyada olan “Crew-8” missiyasının heyətinə NASA astronavtları Metyu Dominik, Maykl Barrat və Canet Epps də daxil olublar.
AZƏRTAC