Şimali Koreyalı nazir Rusiyada: “Qələbəyə qədər rus yoldaşlarımızın yanındayıq”
    • 1-11-2024, 16:08
    • 434

Şimali Koreyalı nazir Rusiyada: “Qələbəyə qədər rus yoldaşlarımızın yanındayıq”

Şimali Koreyanın xarici işlər naziri Ço Son Hui rəsmi səfər çərçivəsində Rusiyanın paytaxtı Moskvaya gəlib.

News24.az xəbər verir ki, Şimali Koreya naziri Çoyu Rusiyanın xarici işlər naziri Sergey Lavrov gül dəstələri ilə qarşılayıb.

Ço və Lavrov stansiyada Şimali Koreyanın keçmiş lideri Kim İr Senin 1949-cu ildə Moskvaya səfəri ilə bağlı xatirə lövhəsi açıb, daha sonra görüş üçün Rusiya Xarici İşlər Nazirliyinə gediblər.

Lavrov görüşün əvvəlindəki çıxışında deyib ki, Rusiya Prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen Inın göstərdiyi xüsusi diqqət sayəsində ölkələrimiz arasında ikitərəfli münasibətlər son bir neçə ildə görünməmiş səviyyəyə çatıb:

“Strateji Tərəfdaşlıq Sazişi ikitərəfli gündəliyin bütün sahələrində əlaqələrimizin daha da dərinləşməsi üçün möhkəm zəmin yaradıb”.

İki ölkənin hərbi və təhlükəsizlik xidmətləri arasında sıx təmasların qurulduğunu deyən Lavrov bunun iki ölkəyə mühüm təhlükəsizlik məsələlərini həll etməyə imkan verdiyini bildirib.

Lavrov həmçinin Şimali Koreyaya Ukrayna ilə bağlı mövqeyinə görə təşəkkür edib.

Şimali Koreyanın xarici işlər naziri Ço Son-hui çıxışında deyib:

“Rusiya ordusu və xalqının Rusiya Prezidenti Vladimir Putinin rəhbərliyi altında öz suverenliklərini qorumaq və dövləti müdafiə etmək uğrunda apardıqları müqəddəs mübarizədə böyük qələbə qazanacağına heç bir şübhəmiz yoxdur. Biz qələbə gününə qədər hər zaman rus yoldaşlarımızın yanında olacağıq”. 

Günel Məlikzadə