Bölgə ilə bağlı yeni müharibə ssenarisi: Bu istiqamətlər hədəf göstərildi
    • 6-02-2024, 20:43
    • 381

Bölgə ilə bağlı yeni müharibə ssenarisi: Bu istiqamətlər hədəf göstərildi

Azərbaycan-Ermənistan arasında yeni müharibə riski ilə bağlı ABŞ-nin Xarici Əlaqələr Şurasının (CFR) proqnozları fərqlidir. İki ölkə arasında yeni müharibənin başlanması ehtimalı bir neçə əsaslarla bağlı ola bilər. Bu, ilk növbədə Amerikanın özünün proqnozlaşdırdığı və arzuladığı proseslərin baş verməsi ilə izah olunur.

News24.az bildirir ki, bunu Teleqraf.com-a Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa deyib.

“Burada digər amil Azərbaycanla Ermənistan arasında real sülh müqaviləsi imzalanmadığına görə, belə bir nəticənin hasil olunması ilə bağlıdır. Hər halda hər iki ehtimal diqqətdən qaçmamalıdır. Hələ ki sülh müqaviləsi imzalanmayıb. Ona görə də müharibə riski bizim anlayışımıza əsasən də qalmaqdadır”, - deyə o qeyd edib.

Partiya sədrinə görə, Ermənistan istənilən vaxt müharibənin yenidən alovlanmasına rəvac verə bilər:

“Ona görə də sülh müqaviləsi imzalanması məsələsi yekunlaşmalıdır. Bununla da müharibə riski ortadan qalxmış olacaq. Məhz bundan sonra prosesləri normal şəkildə idarə etmək mümkün ola bilər”.