Bağırsağında 7 büküm narkotik KEÇİRMƏK İSTƏDİ
    • 9-07-2019, 12:04
    • 1 006

Bağırsağında 7 büküm narkotik KEÇİRMƏK İSTƏDİ

Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan əməliyyat məlumatı əsasında piyada yolla İran İslam Respublikasından gələn Azərbaycan Respublikası vətəndaşı Astara gömrük postunda saxlanılıb və onun üzərində şəxsi yoxlama aparılıb.

Dövlət Gömrük Komitəsindən News24.az-a verilən məlumata görə, şəxsi yoxlama zamanı onun üzərində qanunla qadağan olunan hər hansı predmet aşkarlanmasada, daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yaranıb. Astara Rayon Mərkəzi Xəstəxanasına aparılan vətəndaşın tibbi müayinəsi nəticəsində daxili orqanı - düz bağırsağından şəffaf rəngli sellofonda 7 ədəd büküm aşkarlanıb.

Həmin bükümlərə baxış zamanı 3 ədəd bükümdə 56 qram narkotik vasitə - marixuana, 1 ədəd bükümdə 36 qram narkotik vasitə - heroin, 1 ədəd bükümdə 34 qram narkotik vasitə - tiryək, 1 ədəd bükümdə 22 qram psixotrop maddə - metamfetamin və 1 ədəd bükümdə 53 qram narkotik vasitə - həşiş, həmçinin həmin bükümdə 11 ədəd üzərində "M40" və 10 ədəd üzərində "M20" nişanəsi olan"metadon" adlı həblər olduğu müəyyən edilib.

Xatırladaq ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na, metadon isə "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı"na daxildir.