Akademik Rasim Əliyevin 85 illik yubileyi qeyd olundu - FOTO
    • 17-07-2019, 16:21
    • 1 517

Akademik Rasim Əliyevin 85 illik yubileyi qeyd olundu - FOTO

İyulun 16-da Beynəlxalq Muğam Mərkəzində Əməkdar memar, Dövlət mükafatı laureatı, akademik Rasim Əliyevin 85 illiyinə həsr olunmuş tədbir keçirilib.

Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, əvvəlcə görkəmli memarın “Keçmişdən gələcəyə” adlı kitabının təqdimatı olunub.

Dövlət və hökumət rəsmilərinin, elm, mədəniyyət və incəsənət xadimlərinin iştirak etdiyi tədbirdə Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbay Qasımzadə Rasim Əliyevin memarlıq sənətinin inkişafındakı xidmətlərindən danışdı. Bildirdi ki, sənətkar onlarla gözəl memarlıq əsərinin, bu gün abidə statusuna layiq olan binaların müəllifidir. Uzun illər Bakının baş memarı olmuş Rasim Əliyevin şəhərimizin gözəlləşməsində xidmətləri böyükdür: “Rasim müəllimin əsərlərinin əksəriyyətində ölkəyə olan məhəbbətinin təzahürləri hiss olunur. O həm də gözəl rəssamdır. Çəkdiyi portretlərdə insan xarakteri, onun gözəlliyi ön plandadır. Rasim Əliyevin rəng seçimi, rəssamlıq texnikası, tablolarında əks etdirilən lirika, əslində, öz xarakterindən irəli gəlir. Görkəmli sənətkarın böyük tələbə ordusu var. O, Azərbaycanla yanaşı, xarici ölkələrdə də yaxşı tanınır”.

Tədbirdə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev Prezident İlham Əliyevin görkəmli memarın “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncamını oxudu və fəxri diplomu yubilyara təqdim etdi.

Nazir Rasim Əliyevin gördüyü işlərin həmişə dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyini vurğulayaraq bildirdi ki, o, Azərbaycan memarlıq sənətinin ən görkəmli nümayəndələrindən biridir: “Onun yaratdığı sənət inciləri daim yaşayacaq, mədəniyyətimizin inkişafına müsbət təsirini göstərəcək. Rasim müəllimin yaradıcılığı keçmişdən gələcəyə bir körpüdür”.

Əbülfəs Qarayev qeyd etdi ki, Bakında, eləcə də bölgələrimizdə bir sıra tarixi abidələrimizin bugünkü görkəmində məhz Rasim Əliyevin dəst-xətti görünür. Nazir sənətkarı yubileyi münasibətilə təbrik etdi, cansağlığı və yaradıcılıq uğurları arzuladı.

Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev Rasim Əliyevin Azərbaycan memarlıq sənətinə verdiyi töhfələri yüksək qiymətləndirdi. Qeyd etdi ki, sənətkar Naxçıvan şəhərindəki Hüseyn Cavid məqbərəsinin layihəsinin, Heydər Əliyev Beynəlxalq Aeroportu və Naxçıvan Hava Limanının, Bakının bir neçə metro stansiyasının, şəhərin əsas parklarının, Azərbaycanın Türkiyədəki səfirliyinin binasının və digər memarlıq sahəsində özünəməxsusluğu və bənzərsizliyi ilə seçilən layihələrin müəllifi və həmmüəllifidir.  

Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı Ömər Eldarov, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli və başqaları çıxış edərək Rasim Əliyevin memarlığa, rəssamlığa olan məhəbbətindən danışdılar. Rasim Əliyevin istedadlı memar, fırça ustası olduğunu qeyd edən natiqlər onun şəhərsalma prosesinin təşkilatçısı kimi fəaliyyətini vurğuladılar.

Daha sonra Lider TV-nin “Xəzərin sahilində” verilişinin Rasim Əliyevə həsr olunmuş xüsusi buraxılışının təqdimatı oldu.

Yubiley gecəsi konsert proqramı ilə davam etdi.

Sonda çıxış edən Rasim Əliyev tədbirin təşkilində əməyi olan hər kəsə dərin təşəkkürünü bildirdi.

Qeyd edək ki, Rasim Həsən oğlu Əliyev 16 iyul 1934-cü ildə Gəncə şəhərində görkəmli alim, akademik, ictimai xadim Həsən Əliyevin ailəsində anadan olub. 1952-1958-ci illərdə Azərbaycan Politexnik İnstitutunun memarlıq fakültəsində təhsil alıb. Azərbaycan Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun aspirantı olub. Azərbaycan Dövlət Layihə İnstitutunda əmək fəaliyyətinə başlayan memar respublikada şəhərsalma və memarlıq sahəsində müxtəlif vəzifələrdə çalışıb. 1974-1988-ci illərdə Bakı şəhərinin baş memarı olub.

Respublikamızda memarlıq sənətinin inkişafına töhfələr verən Rasim Əliyev ölkəmizdə unikal memarlıq xüsusiyyətləri ilə seçilən binaların, parkların və s.  layihə müəllifi və həmmüəllifidir. Onun rəhbərliyi və müəllifliyi ilə Bakı şəhərinin ötən əsrdəki sonuncu baş planı, “İçərişəhərin Regenerasiya Planı” hazırlanıb, Bakıda 8-ci və 9-cu mikrorayonlar, Əhmədli qəsəbəsi, Kiyev, Yeni Günəşli yaşayış massivləri salınıb, Bakı və Abşeronda, həmçinin respublikanın bir çox rayonlarında böyük memarlıq tikinti layihələri həyata keçirilib.