-
- Dünən, 17:27
- 325
Azərbaycanda məktəblilərin tətili əvəzinə dərs TƏKLİFİ - AÇIQLAMA
Azərbaycanda məktəblilərin tətili məsələsi zaman-zaman gündəmə gəlir.
News24.az xəbər verir ki, vəziyyətlə bağlı valideynlərin yanaşması da birmənalı deyil.
Jurnalist Nərgiz Liftiyeva yazır:
“Yeni il tətili məktəblilər üçün qış tətili deyilmi? Yanvarın 27-dən 31-dək məktəblilərin qış tətili olacaq. Bir həftə dincəldilər, 3 həftə dərsə gedib yenə 1 həftə tətilə buraxılacaqlar. Fevralda dərs, mart başdan-başa bayram. Təqvimdə bayram günləri çoxdur, şənbə-bazara düşən bayram günlərinə görə də əlavə gün artırılır, dərs ilinin xeyli hissəsi bayramla keçir. Üstəgəl, payız, qış, yaz tətilləri. Əvəzində proqram sürətlənir, dərs günlərinin yükü artır. Bir tədris ilində bu qədər bayram-tətil çox deyilmi?”
Onun bu fikirləri sosial şəbəkələrdə müzakirələr səbəb olub.
Digər valideynlər isə dərs yükünün ağır olduğunu deyərək, tətilləri uşaqların dincəlməsi üçün vacib hesab etdiklərini bildiriblər.
Mövzu ilə bağlı Ölkə.Az-a danışan təhsil eksperti Elmin Nuri də jurnalistlə həmfikirdir. Hesab edir ki, tətil günlərinin sayının çox olmasındansa, dərs proqramının daha çox günə bölünməsi yaxşı olardı:
"Həqiqətən bizdə orta ümumtəhsil müəssisələrində tətil müddətinin sayının çox olduğunu düşünürəm. Ola bilsin ki, sözlərim müəllimlərimizin və şagirdlərimizin, həmçinin onların valideynlərinin xoşuna gəlməsin. Amma əmin olsunlar ki, məhz onların yaxşılığı üçün deyirəm. Bu gün bizim müəllimlərimiz də, şagirdlərimiz də, onların valideynləri də düşünməlidirlər ki, tətillərin çox olması yaxşı yox, pis mexanizmdir. Özü də bir neçə variantda pisdir.
Mərkəzləşdirilmiş tədris proqramı var və proqram bütün fənlər üzrə 15 sentyabr-14 iyun aralığında bitməlidir.
31 maydan sonra uşaqlar düz-əməlli dərsə belə getmirlər. Tətil müddətinin çox olması o demək deyil ki, onların işi asanlaşır, uşaqlar dincəlirlər. Xeyr, o proqramın sonradan çatdırılması məsələsi var. Məcburdurlar ki, digər vaxtlarda proqramı ikiqat artırsınlar. Sonra da həmin valideynlər, müəllimlər deyirlər ki, uşağımız ağır dərslərlə yüklənir. Dərs yükü günlərə görə bölüşdürülməlidir.
Məsələn, xatırlayıram ki, 20 il əvvəl bizdə 6 günlük dərs sistemi var idi. Onda bu qədər yüklənmə olmurdu və tətillərin sayı indiki qədər deyildi. Çünki dərs proqramı adekvat şəkildə bölünmüşdü. İndiki 90% məktəblərin 5 günlük tədris sistemində olması və tətil günlərinin çoxluğu dərs proqramının yerdə qalan günlər üzrə nisbətinə görə ağırlaşdırır".
Ekspert əlavə edib ki, tətillər şagirdlərin dərsə adaptasiya olunmasında da problem yaradır:
"Hər tətildən sonra hər şagirdin adaptasiyası o dərəcədə baş vermir. Kimsə deyə bilər ki, axı tətil gözəldir, beyin dincəlir və s. Amma vaxtilə bu mexanizmlər elə Avropa, lap elə bəyənmədiyimiz sovet pedaqoqları tərəfindən düşünülmüşdü. Həmin qrafikdən kənara çıxmağa ehtiyac yox idi".
E.Nurinin fikrincə, dərslər sentyabrın 1-də başlasa, daha yaxşı olar:
"Dərslərin sentyabrın 1-də deyil, 15-də başlaması bilirsinizmi şagirdlərə nə qədər mənfi təsir göstərir?! Bu proqramın çatımını çətinləşdirir. Qrafikdə müəyyən dolaşıqlıq yaradır. Bu gün Baltikyanı eləcə də Avropanın bir çox ölkələrində, köhnə və indiki MDB ölkələrinin əksəriyyətində dərslər demək olar ki, sentyabrın 1-i başlayır.
Sentyabrın 15-i yarım aydır və bunun tədrisinin bölgüsü də önəmli bir mexanizmdir. Biz həm buradan yarım ay artırmışıq, həm də ara günlərdə tətillərin sayının çox olması ilə şagirdlər yerdə qalan günlərdə ağır dərs yükü ilə yükləyirik"./Ölkə.Az