-
- 21-07-2019, 11:33
- 1 324
Azərbaycanda toyda qanlı hadisə baş verdi - qisas almaq məqsədilə
Bir müddət əvvəl Daşkəsən rayonunda toyda baş vermiş bıçaqlanma hadisəsi ilə bağlı həbs edilərək məsuliyyətə cəlb edilən Şahvələd İsgəndərov Ali Məhkəməyə müraciət edib. News24.az-ın məlumatına görə, Cinayət Məcəlləsinin 126.1-ci, yəni qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə məhkum edilən Ş.İsgəndərov onun barəsində çıxarılmış məhkəmə hökmünün dəyişdirilməsini xahiş edib.
İş Ali Məhkəmənin hakimi Şahin Yusifovun icraatına verilib.
Qeyd edək ki, hadisə Daşkəsənin mərkəzində yerləşən "İlkin" şadlıq evində qeydə alınıb.
Adıçəkilən şadlıq evində təşkil olunmuş toy mərasiminə qatılan Əvəz Əzizov ilə Elvin Məmmədov arasında mübahisə düşüb. Mübahisə sonradan davaya keçib və onlar şadlıq evinin həyətinə düşüblər. Orada E. Məmmədov dostları - Rəvan və Adil adlı şəxslərlə birgə Əvəz Əzizovu döyüb.
Məsələdən xəbər tutan Ə. Əzizovun qardaşı Şahvələd İsgəndərov qisas məqsədi ilə Elvin Məmmədovu kürəyindən bıçaqlayıb.
Yaralı xəstəxanaya çatdırılıb. Onun həyatını xilas etmək mümkün olub.
Hüquq-mühafizə orqanları əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Ş.İsgəndərov saxlanılıb.