Qəbələyə üz tutan xarici qonaqların sayı getdikcə artır Qədim Qəbələyə virtual səyahət!
    • 24-07-2019, 01:38
    • 1 241

Qəbələyə üz tutan xarici qonaqların sayı getdikcə artır Qədim Qəbələyə virtual səyahət!

Azərbaycanın hər guşəsi, hər bölgəsi canlı tarix, möcüzə və əsrarəngiz gözəllik mənbəyidir. İlin fəsillərindən asılı olmayaraq ölkəmizin hər hansı bir bölgəsinə üz tutan qonaq orada mütləq yeni bir təbiət möcüzəsi ilə qarşılaşır. Hər daşı bir tarix olan Azərbaycanı dünən olduğu kimi, bu gün də həmin əcnəbi səyyahların nəvə və nəticələrinə sevdirən yurd yerlərimizdən biri də Qəbələdir. Azərbaycanın qədim diyarlarından olan Qəbələ son illər öz görkəmini tamamilə dəyişmiş və ölkəmizə üz tutan turistlərin ən sevimli məskənlərindən birinə çevrilib.

Belə ki, bugünkü virtual səyyahətimiz Qəbələyə olacaq.
Bu region çox qədim tarixə malikdir. Hələ neolit dövründə burada insanlar yaşayıb. Qəbələ rayonu indiki rayon mərkəzindən 20 kilometr cənub-qərbdə yerləşən uzun bir müddət Qafqaz Albaniyasının paytaxtı olmuş qədim Qəbələ şəhərinin adını daşıyır.
News24.az xəbər verir ki, eramızın I əsrinə aid yunan və Roma yazılı mənbələrində (Pliniy) adı çəkilən qədim Kabala şəhəri təqribən 2000 il bundan əvvəl salınıb. Qədim şəhərin qalıqları müasir Qəbələnin yaxınlığında (ondan 15 kilometr məsafədə) Qaraçay və Covurluçay çaylarının arasındakı ərazidədir. Qəbələ şəhərinin özündə İmam Baba türbəsi (XVIII əsr) və Cümə Məscidi kimi abidələr qalıb.

Aydın havada Dəmiraparançayın sağ sahilində yerləşən bu ecazkar şəhərdən baxanda Azərbaycanın ən uca zirvəsini – Bazardüzü dağını görmək olar.

Bu ərazilərdə 1959-cu ildən müntəzəm qazıntı aparan Qəbələ arxeoloji ekspedisiyası şəhərin daha qədim və böyük hissəsini aşkara çıxarıb. Arxeoloji tədqiqatlar nəticəsində buranın eramızdan əvvəl IV – bizim eranın I əsrlərinə aid olduğu müəyyənləşdirilib.

Əsrlər boyu Azərbaycan torpaqlarına göz tikən yadelli işğalçıların  amansız hücumlarına mərdliklə sinə gərən Qəbələ şəhəri tarixin yaddaşına alınmaz, məğlubedilməz qala-şəhər kimi daxil olub.

Qəbələ rayonunun ərazisində tarix, mədəniyyət və memarlıq abidələri çoxdur. Bum kəndindəki məscid (XIX əsr), Əmili kəndindəki Alban məbədi (IV əsr), Bayramkoxa kəndindəki Ustacan qülləsi (IX əsr), Nic kəndindəki Hacı Qərib məscidi və Çotari alban kilsəsi, Həzrə kəndindəki Şeyx Bədrəddin və Şeyx Mənsur türbələri (XV əsr), Şəfili kəndindəki məqbərə (XVII əsr), eləcə də Həmzəlli kəndindəki Şıxbaba piri (XVI əsr) və Komrad dağının zirvəsindəki Komrad piri bu rayonu ziyarət edən turistləri başqa bir aləmə aparır.

Ümumiyyətlə, rayon ərazisində 90-dan çox tarixi, etnoqrafik, maddi-mədəniyyət abidəsi qeydə alınaraq mühafizə olunur.

Nic kəndinin yaxınlığındakı Yalovlu dağda eramızdan əvvəl III-I əsrlərdə insan məskənləri olub. Bu ərazidən dəmir bıçaqlar, xəncərlər, qılınclar, tuncdan hazırlanmış üzüklər, qızıl sırğalar, dəyirman daşları və başqa əşyalar aşkar edilib. Azərbaycanın şimal ərazisində dağlıq və aran rayonlarda həmin dövrə aid arxeoloji mədəniyyət elmdə “Yaloylu mədəniyyəti” adlanır. Burada xalq sənəti növlərindən ağac emalı, dulusçuluq, xalçaçılıq geniş inkişaf edib.

Hazırda rayonun Nic kəndində udinlər yığcam halda yaşayırlar. Qədim albanların sələfləri hesab edilən bu etnik qrup öz əcdadlarının ənənələrini, dilini, maddi və mənəvi mədəniyyətini bu günədək qoruyub saxlaya bilib.

Nadir təbii-iqlim şəraiti, dağ havası, mineral bulaqları, gur şəlalələri, iti axan dağ çayları ilə seçilən, tarixi İpək Yolunun üstündə yerləşən qədim Qafqaz Albaniyasının paytaxtı Qəbələ şəhərinin qalıqları və onlarla digər tarixi abidələri ilə şöhrət tapmış Qəbələ rayonu bu gün çox böyük rekreasiya və turizm imkanlarına malikdir. Rayonda sosial-iqtisadi infrastrukturun sürətli inkişafı və yenilənməsi regionun turizm potensialının daha da güclənməsinə, turistlər üçün cəlbediciliyin artmasına təsir edib.

Burada turizm infrastrukturunun inkişafı üçün çox böyük işlər görülür və Qəbələ dünya miqyasında turizm mərkəzlərindən birinə çevrilir. Hazırda rayonda 100-ə yaxın turizm-istirahət obyekti fəaliyyətdədir. Rayondakı turizm obyektləri  hər il keçirilən nüfuzlu sərgilərdə, dünya səviyyəli ixtisaslaşdırılmış yarmarkalarda iştirak edir.

Rayonda son illərdə turizm-istirahət komplekslərinin sayı sürətlə artmaqdadır. Turizmin inkişafı nəticəsində minlərlə yerli sakin işlə təmin olunub. Qəbələdə fəaliyyət göstərən Turizm və Otelçilik üzrə Peşə Tədrisi Mərkəzində müştəriyə xidmətin təşkili, qəlyanaltıların kulinar xarakteristikası, bar və bufet avadanlığından istifadə qaydaları, qida fiziologiyası, müxtəlif yeməklərin, şirniyyat və içkilərin hazırlanma texnologiyası tədris olunur. Barmen-bufetçi, ofisiant, aşpaz-qənnadıçı ixtisaslarına yiyələnən şagirdlər rayonun istirahət mərkəzlərində, otellərində təcrübə keçərək nəzəri dərslərdə öyrəndiklərini tətbiq edir və biliklərini dərinləşdirirlər.

Bütün bunların nəticəsində hər il Qəbələdə xoş istirahət keçirmək istəyən xarici qonaqların sayı getdikcə artır. Onlardan bir çoxu mədəniyyətimizlə tanış olmaq, digərləri Qəbələnin ekzotik təbiətini seyr etmək, həmçinin Şərq qonaqpərvərliyinin şahidi olaraq möcüzəli Azərbaycan mətbəxinin təamlarından dadmaq, digərləri isə öz dostlarından və yaxınlarından Qəbələ barəsində eşitdikləri ən xoş duyğuları yaşamaq və təsdiqləmək üçün bu gözəl məkana gəlməyə can atırlar.

Heç təsadüfi deyildir ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə burada Qəbələ Beynəlxalq Musiqi Festivalı keçirilir. Artıq ənənəyə çevrilmiş festival xarici qonaqlara Azərbaycan mədəniyyətini təqdim etməklə yanaşı, ölkəmizin, onun bir parçası olan Qəbələnin təbii gözəlliklərinin təbliği baxımından da mühüm əhəmiyyətə malikdir.

Qəbələdə regionda bənzəri olmayan və ən beynəlxalq standartlara cavab verən “Gilan” piano fabriki fəaliyyət göstərir. Hazırda dünyada populyarlıq qazanmış “Beltmann” markalı pianolar yalnız bu fabrikdə istehsal olunur.

Qəbələ təkcə özünün zəngin tarixi ilə deyil, həm də bərəkətli torpaqları, bol məhsullu meyvə bağları ilə məşhurdur.

Cənubi Qafqaz regionunda istehsal gücünə görə ən iri meyvə emalı müəssisəsi olan Qəbələ konserv zavodu hələ çox gənc olmasına baxmayaraq, artıq dünya standartlarına cavab verən məhsulları ilə Azərbaycan bazarında liderliyi ələ alıb.Zavod Avropada istehsal olunmuş ən müasir avadanlıqla təchiz olunmuşdur. İtaliyadan, Türkiyədən, Rusiyadan dəvət edilən mütəxəssislər bu avadanlığın istismarında, eləcə də yerli ixtisaslı kadrların hazırlanmasında yaxından iştirak edirlər.

Azərbaycanın turizm mərkəzlərindən birinə çevrilmiş Qəbələ rayonunun ümumi ərazisinin 23,1 faizini meşə örtüyü tutur. Rayon qoz-fındıq və şabalıd bağları ilə məşhurdur. Dağ yamaclarında, dəniz səviyyəsindən 1000 metr yüksəklikdə məşhur şabalıd meşəsi yerləşir. Baharda şabalıd ağaclarının çiçək açması möhtəşəm bir mənzərə yaradır. Bu meşədəki ağaclar çox qədimdir. Onların hər birinin orta yaşı 500 ildən çoxdur. Ağaclardan bəziləri dövlət tərəfindən mühafizə olunan təbii abidələr siyahısına daxil edilib.

Rayonun meşələrində və çöllərində ceyran, cüyür, ayı, canavar, dovşan, nəcib maral, vaşaq, meşəpişiyi, dələ, yenot, dağ keçisi, tülkü, qırqovul, kəklik, turac, göyərçin və yerli faunanı təmsil edən digər heyvanlara rast gəlmək olar.

Qəbələ rayonunda ərazisi 480 hektar olan Dövlət Tarix-Mədəniyyət Qoruğu fəaliyyət göstərir. Qoruq Çaqqalı, Səlbir, Qala adlanan üç əsas hissədən ibarətdir.

Bir sözlə öz dəyərli vaxtını mənalı keçirmək, qeyri-adi təbiətin qoynunda istirahət etmək və keyfiyyətli xidmət görmək istəyən insanlar üçün Qəbələ ideal bir məkandır.

Zəngin təbiət, gözəl dağ havası, qədim tarixlə yanaşı rayonun qonaqpərvər əhalisi də bu el-obanı gəzib-görmək istəyən hər bir insanı səbirsizliklə gözləyir.