Qurban Qurbanovun qardaşları gəldi, baxdı, getdi - VİDEO+FOTOREPORTAJ
    • 16-02-2025, 05:34
    • 597

Qurban Qurbanovun qardaşları gəldi, baxdı, getdi - VİDEO+FOTOREPORTAJ

I Liqada 14-cü tura yekun vurulub.


Liderlər qrupunda yer alan "Zaqatala" doğma meydanda "Difa"ni qəbul edib.


Nəticəni ədalətli saymaq olar. Səfərə ciddi itkilərlə yollanmış Qarabağ qazilərinin təmsilçisi iki fərqli hissə keçirdi.


Bu, Xaqani Məmmədovla yolları ayırmış «fədailər»in Aydın Qasımovla ilk oyunu idi.


Üç aydan sonra ikinci dəfə komandanın sükanı arxasına qayıtmış mütəxəssisin «beşli müdafiə» taktikasına keçidi fasiləyədək heç bir effekt vermədi. Qonaqlar diqqəti daha çox arxa zonaya yönəldərək, qapının toxunulmazlığının qeydinə qaldı. Əks-hücum cəhdləri «beşikdə boğulduğundan», ev sahiblərinin cərimə meydançasına yaxınlaşmaq belə, onlar üçün müşkül işə çevrilmişdi. Ümumiyyətlə, «Difai»çilərin ifasında heç nə alınmırdı: top və ərazi üstünlüyü tamamən «Zaqatala»nın tərəfində idi. Əsasən cinah keçidlərinə üstünlük verən «qara-yaşıllar»in bir neçə hücumu təhlükə saçdı. Gözləri hər yerdə Roini İsmayılovu axtarırdı. Kapitanı hər fürsətdə zərbə mövqeyinə çıxarmağa çalışan «Zaqatala»lıların bir özəlliyi də «fədailər»ə məlum idi - standart vəziyyətlər. Hissənin tamamlanmasına saniyələr qalmış heç nədən belə bir fürsət yaxaladılar. Seymur Əliyevin lüzumsuz yerə kobud oynamasından sonra təyin olunan cərimə zərbəsi hesabın açılmasına səbəb oldu.


Yerli komanda fasilədən sonra da fərqi artırmağa təşəbbüs göstərdi. Aydın Qasımov bu bölümdə taktikanı iki dəfə dəyişməklə, nəyəsə ümid etdiyini bəlirlədi. Çoxsaylı top itkiləri, mərkəzdə ardıcıl iki-üç pas seriyasının qurulmaması qonaqların status-kvonu bərpa eləməsinə gümanları azaltmışdı. Stadiona toplaşmış azarkeşlər - «Qarabağ»ın baş məşqçisi Qurban Qurbanovun qardaşları, yaşlılar, gənclər və uşaqlar belə, gözləyirdilər ki, doğma rayonlarının futbolçuları daha bir dəfə qapı torunu silkələyəcək. Həmin qol həqiqətən vuruldu, amma «Zaqatala»nın qapısına. Son yarım saatda forma şansı qazanmış Fərid Kərimzadə axırıncı dəfə 3 ay əvvəl meydan üzü görmüş Tahir Zeynalovun ötürməsini saxlamadan «çərçivə»yə istiqamətləndirməklə, hesaba tarazlıq gətirdi. Gözəl qol olmağına göz qol idi.

Xallarını 21-ə yüksəldən "Zaqatala" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. 10 xalı olan "Difai" isə 9-cu yerdədir.

"Zaqatala" - "Difai" 1:1


Qollar: Jan Pol Assumu, 45+1 // Fərid Kərimzadə, 90

Zaqatala OİK stadionu. 350 tamaşaçı

Baş hakim: Rövşən Rəcəbov

Baş hakimin köməkçiləri: Aydın Bəşxiyev, Anar Bədəlov

Dördüncü hakim: Rəsul Babayev

Hakim-inspektor: Rövşən Əhmədov

AFFA nümayəndəsi: Seymur Səlimli

Sarı vərəqələr: Sərxan Abdullayev, 14 (qeyri-idman hərəkəti); Cavad Qurbanlı, 36 (qeyri-idman hərəkəti); Nemət Şıxəmirov, 45 (qeyri-idman hərəkəti) // Muhammed Alfa, 41 (qeyri-idman hərəkəti); Seymur Əliyev, 45+1 (qeyri-idman hərəkəti); Fərid Kərimzadə, 84 (hakimin qərarına etiraz); Tahir Zeynalov, 86 (qeyri-idman hərəkəti)

Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 5 dəq.


“Zaqatala”

12. Həsən Həsənli

77. Sərxan Abdullayev

8. Roini İsmayılov (k)

55. Mətin Qəhrəmani

10. Rüstəm Nuruyev

27. Mahmud Məmmədov

99. Cəlal Cəbrayılov

24. Cavad Qurbanlı

20. Nemət Şıxəmirov

11. Aşqin Abazərov

(19. Yusif Dilanov, 46)

15. Jan Pol Assumu

(14. Davud Mahmudov, 82)

Ehtiyat oyunçular:

62. Sərdar Sərdari

1. İvan Markov

9. Asim Babazadə

17. Stenli Okezi

44. İbrahim Məmmədov

Baş məşqçi: Rüstəm Məmmədov


“Difai”

1. Sahib Həsənov

55. Seymur Əliyev (k)

6. Xəyal Bədirov

2. Seymur Rəhimov

20. Mahir Həsənov

8. Emil Quluzadə

3. Əbil Əbilov

(10. Tahir Zeynalov, 74)

9. Kristian Kamta

32. Xəyyam Məmmədli

(11. Fərid Kərimzadə, 62)

66. Arzu Atakişiyev

19. Muhammed Alfa

(44. Yaqub Yusubov, 83)

Ehtiyat oyunçular:

85. Nail Alışov

17. Riad Abbaszadə

50. Qurban Hüseynov

Məşqçi: Aydın Qasımov