
-
- 24-03-2025, 15:46
- 241
İran ABŞ ilə danışıqlar üçün şərtini açıqladı
"ABŞ Prezidenti Donald Trampın təhdidləri və maksimum təzyiq siyasəti səbəbindən Tehran və Vaşinqton arasında birbaşa dialoq imkanı olmasa da, İran ABŞ ilə dolayı danışıqlara hazırdır".
News24.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.
"Bu məsələdə mövqeyimiz tamamilə aydındır. İran maksimum təzyiq və təhdidlər altında, qarşı tərəfin ölkəmizə münasibəti dəyişmədiyi müddətdə ABŞ ilə birbaşa danışıqlara getməyəcək. Hər gün səslənən siyasət və ittihamları nəzərə alaraq, Amerika tərəfi ilə birbaşa danışıqlar aparmayacağıq, amma dolayı yolla ünsiyyət üçün imkanlar açıqdır", - deyə Əraqçi vurğulayıb.
Onun sözlərinə görə, Tehranın əsas məqsədi ölkənin və xalqın maraqlarını qorumaqdır və hakimiyyət bunun üçün heç bir fürsəti əldən verməyəcək.
Xatırladaq ki, martın 7-də Tramp "Truth Social" hesabında paylaşım edərək, İranın ali dini lideri Ayətullah Əli Xameneyiyə Tehranın nüvə proqramı ilə bağlı danışıqlar təklif edən mesaj göndərdiyini bildirib. İran lideri isə buna cavab olaraq Vaşinqtonun yalnız öz maraqlarını düşündüyünü və ölkəsinin ABŞ ilə dialoqa getməyəcəyini vurğulayıb./Teleqraf