Bağırsağında narkotik vasitə gətirməyə cəhd etdi - Astarada
    • 5-08-2019, 21:08
    • 780

Bağırsağında narkotik vasitə gətirməyə cəhd etdi - Astarada

Gömrükçülər narkotik vasitə aşkarlayıb.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən News24.az -a bildirilib ki, İrandan Azərbaycana piyada yolla gələn Azərbaycan vətəndaşları Şahverdiyev İlham Cəlal oğlu və Qafarov Şahin Şaban oğlunun hərəkətləri gömrükçülərdə şübhə doğurduğundan onlar Cənub Ərazi Baş Gömrük İdarəsi Astara gömrük postunun sərnişin idxal xəttində saxlanılaraq əvvəl sorğu-sual edilib, daha sonra isə üzərilərində ayrı-ayrılıqda şəxsi yoxlama aparılıb. Saxlanılan şəxslərin üzərilərində qanunvericiliklə qadağan olunmuş hər hansı predmet aşkar edilməsə də, onların daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yaranıb. Astara Rayon Mərkəzi Xəstəxanasında həyata keçirilən rentgenoloji müayinə zamanı saxlanılan şəxslərdən birinin- Şahverdiyev İlham Cəlal oğlunun daxili orqanı - düz bağırsağından şəffaf rəngli sellofona bükülmüş 2 ədəd bağlama aşkarlanıb. Baxış zamanı bağlamalarda açıq qəhvəyi rəngli qablaşdırma ilə birlikdə ümumi çəkisi təqribən 94 qram narkotik vasitə - heroin olduğu müəyyən edilib.
İlkin araşdırma zamanı Şahverdiyev İlham Cəlal oğlu daxili orqanında aşkar edilən narkotik vasitənin onunla birgə İrandan gələn Lənkəran şəhər sakini Qafarov Şahin Şaban oğluna məxsus olduğunu və həmin maddəni keçirməsi müqabilində Şahin Qafarovun ona 5 qram narkotik vasitə - heroin verməyi vəd etdiyini bildirib.
Faktla bağlı araşdırma aparılır.