Trans yağları süd vəzisi xəstəliklərini inkişaf etdirir, sonsuzluq yaradır - AQTA
    • 16-08-2019, 12:11
    • 1 503

Trans yağları süd vəzisi xəstəliklərini inkişaf etdirir, sonsuzluq yaradır - AQTA

Son zamanlar aparılan müxtəlif elmi araşdırmalar nəticəsində doymuş yağ turşuları ilə yanaşı, trans yağ turşularının da sağlamlığa mənfi təsiri öz təsdiqini tapıb.

Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, AQTA və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən, dünyada aparılan elmi araşdırmalara istinad edilərək, trans yağların insan orqanizmi üçün təsirlərinin elmi əsaslarla risk qiymətləndirməsi aparılıb və həmin araşdırmalar nəticəsində bu yağların insan sağlamlığına mənfi təsiri öz təsdiqini tapıb: “Ümumiyyətlə, doymuş yağ turşularından əmələ gələn yağların çoxu otaq temperaturunda qatı (sərt), tərkibində doymamış yağ turşuları olan yağlar isə maye halında olur. Qidalarda çox rast gəlinən bəzi doymuş yağ turşuları palmitin, stearin və miristin turşularıdır.

Doymuş yağ turşularının enerji dəyərinin digər yağ turşuları ilə eyni olmasına baxmayaraq, orqanizmdə yağ toplanması və çəki artımına səbəb olduğu məlumdur. Eyni zamanda, trans yağ turşuları ilə qidalanma insulinə qarşı rezistentliyin əmələ gəlməsinə şərait yaradaraq, diabetə meyilliliyi artırır və xroniki iltihabi proseslərin inkişafına səbəb olur. Bitki və balıq yağlarının dadını qorumaq, fiziki xüsusiyyətlərini dəyişmək, rəf ömrünü uzatmaq və istifadə imkanlarını artırmaq məqsədilə doymamış yağ turşularının qismən hidrogenləşdirilməsi aparılır və bu zaman trans yağ turşuları yaranır. Gündəlik qida məhsullarında müəyyən olunmuş normadan artıq trans yağların qəbulu ürək-damar xəstəliklərinin yaranmasına səbəb olur”. /report/