Məktəbəhazırlıq qruplarında dərs deyəcək müəllimlərin NƏZƏRİNƏ!
    • 22-08-2019, 12:23
    • 893

Məktəbəhazırlıq qruplarında dərs deyəcək müəllimlərin NƏZƏRİNƏ!

Avqustun 26-dan 2019-2020-ci tədris ilində Bakı şəhərindəki ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında dərs deyəcək ibtidai sinif müəllimləri üçün ixtisasartırma təlimlərinə start veriləcək.

BTŞİ-dən News24.az-a verilən məlumata görə, “Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası” proqramı üzrə təlimlər Azərbaycan Respublikası Təhsil Nazirliyinin sifarişi ilə “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi tərəfindən həyata keçiriləcək. Təlimlərin monitorinqi və qiymətləndirilməsi isə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu (TİPİİ) tərəfindən aparılacaq.

Təlimlərin əsas məqsədi uşaqların erkən yaş dövründən intellektual, fiziki və psixoloji inkişafını, sadə əmək vərdişlərinə yiyələnməsini, istedad və qabiliyyətinin üzə çıxarılmasını, sağlamlığının qorunmasını, estetik tərbiyəsini, təbiətə və insanlara həssas münasibətinin formalaşmasını təmin etmək üçün məktəbəhazırlıq qruplarında məşğələlər keçəcək müəllimlərdə zəruri bacarıqlar formalaşdırmaqdan ibarətdir.

Təlimlərdə paytaxt üzrə məktəbəhazırlıq qruplarında məşğələ keçəcək 1000-ə yaxın ibtidai sinif müəlliminin iştirakı nəzərdə tutulub.
Qeyd edək ki, ixtisasartırma təlimlərinin müdavimlərinə TİPİİ tərəfindən təşkil ediləcək yekun qiymətləndirmənin nəticələrinə uyğun olaraq müvafiq sertifikatlar veriləcək. Həmin müəllimlər oktyabrın 1-dən fəaliyyətə başlayacaq məktəbəhazırlıq qruplarında məşğələlər keçəcəklər.