Azərbaycanda UNİKAL ƏMƏLİYYAT: 32 yaşlı oğlanın cinsi fəaliyyəti BƏRPA EDİLDİ
    • 22-08-2019, 15:03
    • 772

Azərbaycanda UNİKAL ƏMƏLİYYAT: 32 yaşlı oğlanın cinsi fəaliyyəti BƏRPA EDİLDİ

Bu yaxınlarda Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında kişilərin cinsi zəifliyinin aradan qaldırılması üzrə unikal əməliyyat icra olunub.  

News24.az Azərbaycan Tibb Universitetinə istinadən xəbər verir ki, klinikada növbəti belə əməliyyat uğurla icra olunub. ATU-nun urologiya kafedrasının professoru İlham Əhmədov və komandasının səyi ilə ağır qəzadan sonra 7 dəfə əməliyyat olunmuş gənc xəstəyə penoskrotal 3-lü şişirilə bilən protez qoyulub və onun cinsi fəaliyyəti bərpa olunub. 
 
Professor İ.Əhmədovun sözlərinə görə, klinikaya 32 yaşlı xəstə total erektil disfunksiya (cinsi fəaliyyətin  olmaması) ilə bağlı müraciət edib. Bununla yanaşı, xəstə 7 il əvvəl keçirdiyi avtomobil qəzasında çanaq zədələnməsinə məruz qalıb. Bundan sonra 7 dəfə müxtəlif əməliyyat keçirib: dəri autotransplantasiyası, uretraplastika, meatotomiya və s: "Xəstə dəfələrlə konservativ müalicə alsa da, olunmuş, heç bir effekti olmayıb. Odur ki, avqustun 16-da xəstəyə ümumi anesteziya altında üç parçalı penil protezin implantasiyası penoskrotal  yolla əməliyyatı keçirilib. Əvvəllər bu əməliyyatı qasıq üstü  nahiyədən  həyata keçirirdik. İndi isə penoskrotal nahiyə ilə travmanı minimuma endiririk. Bununla da əməliyyatın gedişinin effektivliyi və xəstə məmnunluğu 95-98% -ə çatır. Qeyd edim ki, əməliyyat və əməliyyatdan  sonrakı dövr  fəsadsız keçib”.
 
Professor bildirir ki, adətən bu xəstələr  3 mərhələli - dərman, iynələr və vakuumla müalicə alırlar. Əgər bu üsullar effekt verməsə, bundan sonra penil - protez implantasiyası həyata keçirilir. Bu zaman cinsi orqanın mağaralı cisminə silikon protez, sidiklik önü  nahiyəyə rezervuar  və xayalıq nahiyəsinə pompa (şişirilə  bilən) qoyulur və onlar  xüsusi cihazlarla bir-birinə birləşdirilir. Pompanın şişirilməsi ilə rezervuar mayesi  cinsi orqanın içindəki boruları dolduraraq onu sərtləşdirir. Xəstə  cinsi əlaqədən sonra pompanın yanında qoyulmuş bir düyməni  basmaqla prosesi əksinə  çevirir -  yəni, maye rezervuara gedir və cinsi orqan yumşalır.
 
Həkim bildirir ki, normalda kişilərdə cinsi orqanın sərtliyi 100 civə sütununda olur. Bu aparat ilə isə sərtlik 120 civə  sütununa catır. Bu proses zamanı eyakulyasiya hissiyyata heç bir  təsir göstərmir. Protezlər kənardan görünmür və hiss edilmir. Xəstə istədiyi sərtliklə normal cinsi əlaqədə ola bilər. Bu protezlər orqana ziyan  vermir.
 
Qeyd edək ki, 2007-ci ildən etibarən Azərbaycanda Professor İlham Əhmədovun  rəhbərliyi  ilə 83 bu tipli əməliyyat həyata keçirilib. Son 2 əməliyyat isə ATU-nun Tədris Cərrahiyyə Klinikasında penoskrotal yolla həyata keçirilib.