Çimməyə gedənlərin DİQQƏTİNƏ - Xəzərdə
    • 29-08-2019, 17:12
    • 1 333

Çimməyə gedənlərin DİQQƏTİNƏ - Xəzərdə "Ölüm dərələri" yaranıb

Yayda istirahət etmək üçün ilk üz tutduğumuz yer dənizdir. Bu dəfə toxunmaq istədiyimiz mövzu dənizə girişin pullu və ya pulsuz olması yox, bizdən aldığı canlardır. 

Bu il dəniz mövsümü açılandan bu yana 35 nəfər suda boğulma hadisəsi baş verib.

Dənizdə boğulma hallarının çoxalmasına səbəb nədir? 

Ekoloq Telman Zeynalov açıqlamasında qeyd edib ki, son dövrlərdə paytaxt ərazisində küləkli hava şəraiti daha çox müşahidə olunur.
 
“Bu küləklər şimal-şərq və şimal-qərb küləkləridir. Bu küləklər soyuq hava kütləsi gətirir. Rayonlarda yağıntılar çoxalır. Dənizdə isə burulğanlar yaranmağa başlayır. Dənizin dalğaları çoxaldıqca, ləpə hündür olduqca, dənizin dibində torpaq yumşalır və dalğalar onu yuyub aparır. Ona görə də sahilin yaxınlığında dərələr əmələ gəlir. Bu dərələrdə hava şəraitinə görə də burulğanlar yaranır. İnsan burulğana düşdüyü zaman, özünü itirir. Bu zaman gərək, özünü itirməyəsən".

Fövqəladə hallar zamanı necə davranmaq lazım olduğu ilə bağlı işlər görülürmü?
 

Bu suala cavab tapmaq üçün Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə Əlaqələr və Təbliğat şöbəsinin rəisi Aqşin Əlili ilə əlaqə saxladıq. Aqşin bəyin sözlərinə görə, Fövqəladə hallarda necə davranmaq lazım olduğu barədə maarifləndirici işlər görülür:

“İlk onu qeyd edək ki, "Təhlükəsizlik tədbirləri ilə bağlı Nazirlər Kabinetinin "Su obyektlərindən istirahət və idman üçün istifadə qaydaları"  ilə bağlı qərarı var və təhlükəsizlik tədbirləri bu qanunlarla tənzimlənir. Bununla bağlı biz aprel ayından artıq maarifləndirmə işləri görməyə başlayırıq.

Çimərliklərin istismarına nəzarət şöbəsinin əməkdaşları və yerli icra orqanları ilə birlikdə su obyektlərinin kənarında monitorinq keçirməyə başlayırıq. Monitorinqin məqsədi ərazi ilə tanış olub, orda olan mövcud problemləri aşkarlamaq və onları qarşılıql həll etməkdir.  Monitorinq bitdikdən sonra müşavirə keçirilir. Müşavirədə Fövqəladə hallar nazirliyinin əməkdaşları, eyni zamanda bizim Bakı regional mərkəzinin əməkdaşları, icra orqanı əməkdaşları, bələdiyyələr, polis, səhiyyə, təcili tbbi yardım, Gigiyena və epidemiya mərkəzinin əməkdaşları iştirak edir. Daha sonra monitorinq zamanı aşkar olunmuş bütün təhlükə mənbələri, nöqsanlar, çatışmazlıqlar nümayiş olunur və bunun həlli üçün icra hakimiyyətinin müavini səviyyəsində göstərişlər verilir”. 


Bakı Regional Mərkəzi ilə bizim birgə layihəmiz var. Məktəblərdə, təhsil və səhiyyə ocaqlarında fövqəladə hallarla bağlı davranış qaydaları mövzusunda maarifləndirmə tədbirləri keçirilir. Bu tədbirlər hər ay 3-4 məktəbdə davamlı olaraq təşkil olunur. Həmin tədbirdə yanğından mühafizə, zəlzələ, eyni zamanda çimərlikdə  davranış qaydaları ilə bağlı təlimlər təşkil olunur deyə, Aqşin bəy bildirir. 

Onun sözlərinə görə, təhlükəsizlik qaydaları ilə bağlı maarifləndirici videoçarxlar da var. Bundan başqa təhlükəsizlik qaydaları ilə bağlı bukletlər də hazırlanır. 

Aqşin Əlilli qeyd edir ki, maarifləndirici tədbirləri onlar yalnız məktəblərdə yox, ali təhsil ocaqlarında da təşkil edir: 
“Bu tədbirlər planlı şəkildə təşkil olunur. Biz statistikaya nəzər salırıq ki, boğulma hallarının qurbanı daha çox yeniyetmələr və uşaqlardır. Ona görə də, tədbirlərdə daha çox müəllimləri maaarifləndirirk. Bundan başqa biz mövsümlə əlaqədar olaraq, Kütləvi İnformasiya Vasitələrində maarifləndirici məqalələr dərc edir və maarifləndirici çıxışlar edirik”. 

Ölkə ərazisində 35 sayda xilasetmə məntəqəsi mövcuddur. Bunların da 25-i Abşeron yarmadasında fəaliyyət göstərir. Biz ictimaiyyəti maarifləndirmək istəyirik ki, gedəcəkləri çimərliklər haqda məlumatlı olsun. Çimərliyin təhlükəli olub, olmamasını bilmək üçün ərazidə olan bəzi məqamlara diqqət yetirmək lazımdır. Ərazidə xilasetmə məntəqəsi, suyun üzərində quraşdırılmış nişanlar varsa, eyni zamanda maarifləndirici lövhələr yerləşdirilibsə, deməli bu ərazidə təhlükəsizlik tədbirləri görülüb. Bəzən insanlar nəzarət olunan yerləri qoyub gedirlər, daşlı-qayalı, kifayət qədər təhlükəli əraziyə gedirlər deyə, Aqşin bəy bildirir.  


Aqşin bəy bildirir ki, bəzən insanlarda fikir formalaşır ki, harda çimərlik varsa, orda mütləq xilasetmə məntəqələri olmalıdır: 

“Mən bu fikrə də aydınlıq gətirmək istəyirəm. Xəzərin Azərbaycana aid olan hissəsi 955 kilometrdir. Eyni zamanda Azərbaycanda kifayət qədər çay və göllər, su kanalları var. Bütün bu su hövzələrini xilasetmə məntəqələri və texnikaları ilə təchiz etmək qeyri-mümkündür. Eyni zamanda, bu heç dünya təcrübəsində də yoxdur. Biz bununla bağlı hər zaman xəbərdalıq edirik ki, insanlar icazə verilən çimərlik ərazilərində üzsünlər. Təkcə bu il ərzində xilasedicilər 236 insanı boğulmaqdan xilas edib. Onu da qeyd edim ki, bizim fəaliyyət göstərdiyimiz ərazilərdə bu il dənizdə boğulma hadisəsi olmayıb”.  



Bakı Dövlət Universitetinin tələbəsi Fuad İbiyev bildirir ki, təhsil aldığı müddətdə o, bu cür maarifləndirmə tədbiri görməyib.

Bakı məktəblərində təhsil alan şagirdlər də heç bir maarifləndirmə tədbirlərində iştirak etmədiklərini bildirir. 

Təhlükəli halların qarşısını almaq üçün sadalanan işlərə sözdə deyil, əməldə riayət olunmalıdır.

/Baku.ws/