“HOTREC”-in prezidenti AQTA və ETSN nümayəndələri ilə görüşəcək
    • 4-09-2019, 12:18
    • 886

“HOTREC”-in prezidenti AQTA və ETSN nümayəndələri ilə görüşəcək

Sentyabrın 4-də Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Azərbaycanda səfərdə olan Avropa Hotellər, Restoranlar və Kafelər Assosiasiyasının (“HOTREC”) prezidenti Jens Zimmer Kristensenlə görüşüb.

Dövlət Turizm Agentliyindən News24.az-a verilən məlumata görə, görüş zamanı Azərbaycanın turizm imkanları, hotelçilik, bütövlükdə turizm sənayesinin inkişafı barədə müzakirələr aparılıb.

Müzakirələrdə qonaqpərvərlik sənayesində beynəlxalq təcrübənin öyrənilməsi, eləcə də təcrübə mübadiləsinin aparılmasının vacib məqamlardan olduğu diqqətə çatdırılıb.
Fuad Nağıyev qeyd edib ki, hotelçilik sahəsində mövcud potensialı inkişaf etdirmək və xidmət səviyyəsinin keyfiyyətini artırmaq daim Agentliyin əsas hədəflərindən olub.
Görüşdə çıxış edən Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid ölkədə hotelçiliyin inkişafı üçün mühüm addımlar atıldığını və bunun tərkib hissəsi olaraq ötən il Azərbaycan Hotel Assosiasiyasının yaradıldığını bildirib.


Xatırladaq ki, bu il mayın 16-da Azərbaycan Hotel Assosiasiyası “HOTREC”-ə müşahidəçi üzv qəbul edilib.
Qeyd edək ki, Avropa Hotellər, Restoranlar və Kafelər Assosiasiyasının (“HOTREC”) prezidenti Jens Zimmer Kristensen sentyabrın 3-də Bakıda start götürən “Intour” sammitinə qatılıb.


Təşkilat sədri bu gün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyində də görüşlərdə iştirak edəcək, eyni zamanda hotelçilik sənayesinin nümayəndələri ilə bir araya gələcək. 


Afaq Mirayiq