-
- 5-09-2019, 21:57
- 2 037
Əli İnsanov həbsdən əvvəl xalq artistinə nə deyib? - FAKTLAR
Bu gün mərhum xalq artisti Səyavuş Aslanın (1935-2013) doğum günüdür.
News24.az Səyavuş Aslanla bağlı 10 faktı təqdim edir:
1. Səyavuş Aslan gənc ikən çox kasıb olub. Deyilənə görə, Ofeliya xanımla evlənəndə toylarında geyinməyə kostyumu yox imiş. Görkəmli rejissor Şəmsi Bədəlbəyli teatrda aktyorların istifadə etdiyi səhnə kostyumlarından birini müvəqqəti olaraq ona verib. Səyavuş da toya həmin geyimdə gəlib.
2. S.Aslanın rol aldığı məşhur “Yol əhvalatı” filmində maraqlı bir hadisə yaşanıb. Belə ki, çəkilişlər zamanı film heyəti üçün tavada badımcan-bibər dolması gətirilib. Çəkiliş gününün sonunda Səyavuş yorğun və fikirli olduğu üçün bilmədən tavanın üstündə oturub. Aktyorlar həmin gün ac qalsalar da, bu hadisəyə çox güldüklərini bildiriblər.
3. “Yol əhvalatı” filminin iki dəfəyə çəkildiyi bildirilir. Filmin ikinci operatoru Robert Silanyan adlı erməni olub. O, plyonkanın qüsurlu olduğunu bilsə də, çəkilişlərə davam edib. Bu fakt sonradan üzə çıxıb və erməni operatorun bunu qəsdən etdiyi məlum olub. Silanyanın bu hərəkətinə görə filmin bəzi səhnələri yenidən çəkilib.
4. Səyavuş Aslan həyat yoldaşı Ofeliya Aslandan ayrıldıqdan sonra bir müddət teatrda qrim otağında yaşayıb.
5. Ofeliya xanımın vəfatından sonra Səyavuş Aslanın da səhhətində ciddi problemlər yaranıb.
6. Səyavuş Aslan görkəmli aktyorumuz Yaşar Nuri ilə yaxın dost idi. Yaşar Nurinin ölümünü Səyavuş Aslandan gizlədiblər və o, ömrünün sonuna kimi dostunun öldüyünü bilməyib.
7. Əsgərlikdə ikən ara-sıra Mədəniyyət Evinin tamaşalarında oynayırmış. Bir dəfə onu rol aldığı tamaşanın premyerasına getməyə qoymurlar. Səyavuş hərbi hissədən qaçır. Əynindəki əsgər mundirini çıxarıb stulun başına keçirir. Tamaşaya gələn patrul təsadüfən açıq pəncərədən əsgər paltarını görür və həqiqət çıxır ortaya. Bundan sonra Səyavuş Aslanı üç sutkalıq qaumvaxt salırlar.
8. “Evləri köndələn yar”da “Bazarkom Nadir”in qonaqları öpməsi ssenaridə yox idi. Bunu bazarkom Nadir - Səyavuş Aslan özündən uydurmuşdu. Çəkiliş vaxtı o, bundan xəbərsiz olan Əlağa Ağayevi öpür və bu, Əlağa Ağayev hiddətləndirir.
9. “Bəyin oğurlanması” filminin toy səhnəsində aktyor Muxtar Maniyev Səyavuş Aslana onun xəbəri olmadan sillə vurur. Əslində, bu rejissorun təlimatı idi ki, səhnə daha da təbii alınsın. Həmin hadisədən sonra Səyavuş Aslan təxminən 20 il Muxtar Maniyevlə küsülü qalır.
10. Deyilənə görə, Səyavuş Aslan həyatda çox ciddi və zarafatı sevməyən adam olub. Hətta yaxınları belə onunla olduqca ehtiyatlı davranıblar.
Bonus: 2005-ci ilin oktyabrında xalq artisti Səyavuş Aslan xəstəlikdən əziyyət çəkən qohumunun müalicəsinə kömək xahişi ilə Səhiyyə naziri Əli İnsanovun qəbuluna düşür. Xahiş edir ki, nazirlik onun əzizinin müalicəsinə yardım etsin. Əli İnsanova hansısa otdan dəmlənmiş açıq çay gətirirlər. Nazir çayı Səyavuş Aslana göstərərək deyir: “Görürsünüzmü, elə vəziyyətdəyik ki, hətta çay almağa imkanımız yoxdur”.
Səyavuş Aslan ona inanır. Cəmi 4 gün sonra Əli İnsanov həbs edilir və evindən qızıl külçələr tapılır.
/Kult.az/