Nazirlik küçədə metal qab yığan uşaqla bağlı:
    • 20-09-2019, 18:43
    • 1 300

Nazirlik küçədə metal qab yığan uşaqla bağlı: "Dediklərinin heç biri həqiqəti əks etdirmir" - FOTO

Youtube kanallarından birində küçədə metal qab yığan və onun təkrar satışını həyata keçirən Fərid adlı azyaşlının müsahibəsi yayımlanıb. Videogörüntüdə onun valideynlərinin avtomobil qəzasında həlak olması, özünün qardaşı və bacısı ilə kirayədə tək yaşaması və s. barədə ifadələr yer alıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən News24.az-a bildirilib ki, məlumatla bağlı dərhal Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları tərəfindən araşdırma aparılıb. Azyaşlının yaşadığı ünvan müəyyənləşib  və nazirliyin əməkdaşları həmin ünvanda olublar. Müəyyən olunub ki, Fəridin dediklərinin heç biri həqiqəti əks etdirmir. Onun azyaşlı olmasından istifadə edərək müsahibə götürən şəxs maraqlarına uyğun olaraq çəkiliş aparıb.

Fərid dayısı ilə birlikdə DSMF-nun Sabunçu rayon şöbəsinə dəvət edilib. Onlarla aparılan söhbət zamanı məlum olub ki, Fəridin yaşadığı ünvan kirayə deyil, özlərinə məxsusdur. Fəridin anası Vlasova Liliyadır sağdır. O, evi tərk edib və yaşayış yeri məlum deyil. Fərid və digər müxtəlif yaşlarda olan 7 uşaq dayısı Vlasov Aleksandr, xalaları Elena və Oksana Vlasovalarla birlikdə Sabunçu rayonu, Aydınbəyov küçəsi ev 3, mənzil 17 ünvanında yaşayırlar. Dayısı Aleksandr küçələrin təmizliyi ilə məşğul olur. Rəsmi sənəddə uşağın atasının adı Rasimdi və o, dünyasını dəyişib.

Həmçinin əlavə edək ki, Fərid sağlamlıq İmkanları məhdud olan uşaqlar kateqoriyasına aiddir və Nazirlik tərəfindən buna görə sosial müavinət (sağlamlıq imkanları məhdudluğa görə 150 manat və uşağa qulluğa görə 50  manat) ödənilir. Lakin ödəniş kartı anası tərəfindən götürülüb və uşağa hər hansı maddi dəstək göstərilmir. Hazırda azyaşlı üçün nəzərdə tutulan sosial müavinət kartının dondurularaq dayısının və ya digər şəxsin qəyyumluğuna veriləcəyi təqdirdə yenidən bərpa edilməsi üzərində iş aparılır.

Azyaşlının dayısına himayəsində olan uşaqların Nazirliyin sığınacağına yerləşdirilməsində köməklik göstərilməsi ilə bağlı təklif edilib.