ŞAD XƏBƏR: Əməkhaqqı və pensiyalar yenidən artırılacaq
    • 25-09-2019, 17:22
    • 941

ŞAD XƏBƏR: Əməkhaqqı və pensiyalar yenidən artırılacaq

"Azərbaycanda gələn il əməkhaqqı və pensiyaların yenidən artırılması gözlənilir”.

News24.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib.
H.Rəcəbli deyib ki, payız sessiyası sentyabrın 30-da başlayacaq: “Dünyada bütün parlamentlərdə payız sessiyası əsasən növbəti ilin büdcə layihəsinin müzakirəsinə həsr edilir və büdcə təsdiqlənir. Büdcə layihəsi öncə parlament komitələrində, sonra isə parlamentdə müzakirə olunur. Əvvəlki illərdən fərqli olaraq 2020-ci ilin dövlət büdcəsinin təxminən 40 faizə yaxını sosial məqsədlərə ayrılacaq.

Bu, olduqca böyük göstəricidir. Biz əvvəllər deyirdik ki, büdcəmiz investisiya tutumlu, sosial yönümlüdür. İndi isə deyəcəyik ki, büdcəmiz həm sosial yönümludur, həm də sosial tutumludur”. 

Komitə sədrinin sözlərinə görə, 2020-ci ilin dövlət büdcəsində bu illə müqayisədə sosial məqsədlərə təxminən 5 milyard manatdan çox vəsait ayrılması nəzərdə tutulub: “Bu vəsait əmək haqqının artırılması və digər məsələlərə yönəldiləcək. Onu da vurğulamaq istəyirəm ki, gələn ildən pensiyalar və əmək haqlarında artımın olması ehtimalı var, büdcədə sosial məqsədlər üçün ayrılan vəsaitlərin artırılması bundan xəbər verir”.

H.Rəcəbli bildirib ki, büdcədə yenə də əsas məqsəd Azərbaycan vətəndaşı, onun həyat şəraitinin daha da yaxşılaşdırılması olacaq: “Bununla əlaqədar da hazırlıq işləri görülür. Biz oktyabrın sonunda, noyabrın əvvəlində büdcəmizi təsdiqləyəcəyik”. Onun dediyinə görə, payız sessiyasında bir sıra qanunlara əlavə və dəyişikliklər də nəzərdə tutulub: “Prezident parlamentdə çoxlu sayda qanunlara əlavələr və dəyişikliklər göndərir. Bu əlavə və dəyişikliklərin böyük bir qismi də bilavasitə sosial müdafiənin gücləndirilməsinə yönəlir”.