Doğru peşə seçimi uğurlu gələcəyin SIĞORTASIDIR - REPORTAJ - FOTOLAR - VİDEO
    • 2-10-2019, 11:32
    • 2 942

Doğru peşə seçimi uğurlu gələcəyin SIĞORTASIDIR - REPORTAJ - FOTOLAR - VİDEO

Valideynlərin əksəriyyəti uşaqlarına bəlli bir gələcək çızır - "əla oxu, nüfuzlu universitetlərdən birinə qəbul ol və oranı yüksək səviyyədə bitir...” 
Amma dəfələrlə bu fikrin hər uşağın taleyində keçərli olmadığının şahidi olmuşuq. Mükəmməl təhsil önəmlidir, mübahisəsiz. Amma hər bir şəxsin seçdiyi peşəni, ixtisası sevməsi, onu həyatının bir parçasına çevirməsi daha vacibdir. Kimdənsə geri qalmamaq xatirinə universitet qapısı döyməkdənsə, sevdiyin peşələrdən birinin mahir bilicisi olmaq daha doğrudur. 

Biz bu qənaətin nə qədər doğru olduğunu Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində olarkən bir daha anladıq.



“Kamil bir palançı olsa da, insan, yaxşıdır yarımçıq papaqçılıqdan”

Bu mərkəzdə 200-dən çox tələbə təhsil alır. Məktəb ən müasir maddi-texniki avadanlıqlarla təchiz olunub. Kompleks əsas tədris binası, 2 emalatxana, yataqxana, idman meydançası və digər zəruri infrastrukturu özündə cəmləyir. Mərkəzdə fəaliyyət göstərəcək 2 yataqxananın hər birində 90 tələbənin yaşaması üçün hər cür lazımi şərait yaradılıb. Kompleks Azərbaycan və Koreya hökumətləri arasında razılaşmaya uyğun olaraq, Koreya təhsil standartları əsasında yaradılmış ilk pilot təhsil müəssisəsidir.

Ən önəmlisi isə burda peşəkar müəllim və gələcəkdə yaxşı mütəxəssis olmaq üçün əzmlə çalışan tələbələr bir araya gəlib.
İlk baş çəkdiyimiz emalatxanada onların bir qrupuyla həmsöhbət olduq. 


News24.az-a danışan Tural Ələkbərov “Sənayequraşdırma” ixtisasının müəllimi n sözlərinə görə, tələbələr metal elektrodlu qövs qaynağıyla bu məsləyin sirrlərinə yiyələnirlər: “Baxmayaraq ki, dərslər təzə başlayıb tələbələr artıq böyük əzmlə qaynağı öyrənməyə can atırlar. Tələbələrimizə bununla yanaşı, qaynaq zamanı təhlükəsizlik tədbirləri, boruların çəkilişi, kart proqramları vasitəsilə layihələrin hazırlanması tədris olunur. Gördüyünüz kimi, bölməmiz ən son və yeni texnologiyalarla təchiz olunub ki, bu da tələbələrin sahəni geniş, əhatəli, ən əsası isə praktiki öyrənməsinə şərait yaradır. 


“Peşə ixtisası seçənlər üçün böyük şans”

44 yaşlı tələbə Rüfət Əliyev Azərbaycanda belə bir peşə mərkəzinin yaradılmasından çox məmnundur : “Burada ən yaşlı tələbə mənəm. Tədris Mərkəzi haqqında internetdən məlumat öyrəndim. İmtahan verdim və qəbul olundum.  Buranın tələbəsi olduğum üçün çox şadam. Çoxdan gözləyirdim ki, belə bir peşə məktəbi açılsın. Bu peşə məktəbinin üstünlüyü ondadır ki, burada biliklər təcrübəyə dayanaraq öyrədilir. Bu sahədə müəyyən anlayışım olsa da, daha geniş biliyə və təcrübəyə ehtiyacım var. Burda biliklərimizin təkmilləşməsi üçün hər cür texniki avadanlıqlar var. Buranı başqa peşə məktəblərindən fərqləndirən də məhz budur. Düşünürəm ki, bu, peşə ixtisası seçənlər üçünböyük şansdır”.


“Daha xaricdən mütəxəssis çağırılmayacaq...”

Qədir Salmanov da tələbə yoldaşıyla eyni qənaətdədir: “Azərbaycanda bu sahəyə ciddi ehtiyac var. Adətən yaxşı qaynaqçılar xarici ölkələrdən cəlb olunur. Bizim müəssisənin açılmasının üstünlüyü də ondan ibarətdir ki, burada qaynağın hər cür növü öyrədilir. Mərkəzimizi bitirən mütəxəssis ehtiyac olan istənilən müəssisədə çalışacaq. Buradakı müəllimlərin sayəsində peşəkar mütəxəssis olacağıq”. 
Növbəti emalatxanada isə “İnşaat avtomobili ixtisası”nın tələbələri ilə tanış olduq. 

Təcrübə üçün Koreya şirkətlərindən yeni avtomobillər gətirilib

Qeyd edək ki, Təhsil Mərkəzində tələbələrin təcrübədə istifadə etməsi üçün (söküb-yenidən yığılması) Koreyadan yeni avtomobillər gətirilib. 
Bu haqda Avtomobil diaqnostikası və təmiri ixtisası üzrə təlimçi Elvar  Baxşıyev məlumat verib: “Bizim emalatxana,  avtomobillərə texniki qulluq və təmirlə yanaşı, korpus təmiri, həm də rəngləməni öyrədir. Müəyyən müddət ərzində tələbələr bu elektrik simulyatorlar üzərində təcrübə aparırlar. Baş vermiş problemləri araşdırıb diaqnostika edirlər. Elektrik sahəsi, eləcə də, avtomobillərə, mühərriklərə texniki qulluq, şəxsi sistemlərə texniki qulluq və onlarda baş verən problemləri axtarmaq , həll etmək öyrədilir. Eyni zamanda, bunun sirrlərini öyrənmək üçün ən müasir avadanlıqlar var.  Tələbələrimiz avadanlıqların hər biri ilə tanış olur və onların iş prinsiplərini öyrənirlər”.

Təhsil Mərkəzinin digər peşə məktəblərindən üstünlüyü... 

Elvar Baxşıyev onu da əlavə edib ki, gələcəkdə bu müəssisəni bitirən tələbələr rahat şəkildə ölkəmizdə fəailəyət göstərən avtomobil firmalarının rəsmi texniki servis mərkəzlərində işləyə biləcəklər:“Azərbaycanda fəaliyyət göstərən peşə təhsil mərkəzlərinin tədris planı əsasən nəzəri və praktiki hissədən təşkil olunur. Amma Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində 70 faiz praktik təlimlər, 30 faiz isə nəzəriyyə tədris olunur. Bundan əlavə, müəssisəmizdəki təchizat və avadanlıqlar Azərbaycanın digər peşə təhsil müəsissələrinin heç birində yoxdur. Müəllimlərin hər biri Koreyada təlim keçib. Mən də daxil olmaqla bütün müəllimlər oranın sertifikatını qazanmışıq”.

Təhsil Kompleksi haqqında danışan mərkəzin direktoru Rəşad Xanlarov da hazırda səkkiz texniki ixtisas üzrə tədris keçirildiyini qeyd edib: “Bunlar mexanika, sənaye quraşdırılma, elelktronika, elektrotexnika, avtomatika, inşaat avtomoibili ixtisası, informasiya, kommunikasiya texnologiyalarıdır. Bu ixtisaslar Koreya modeli əsasında qurulub. Koreya modelinin özəllikləri ondan ibarətdir ki, texniki fənlər üzrə praktiki məşğələlərin saatları 60-70 faiz təşkil edir. Koreyalı ekspertlərlə birgə 8 texniki ixtisas üzrə kurikulumlar hazırlanıb. Bu kurikulumlar bizim mərkəzə uyğunlaşdırılıb və ixtisaslar üzrə 8 tədris vəsaiti hazırlanıb. Tədris müddəti bu dəfə bir il, gələn ildən isə həm bir, həm də 3 il olacaq. Üç il təhsil alanlar artıq subbakalavr sayılacaq. Bu tələbələrimizə ali təhsil müəssisələrində təhsillərini davam etdirmək imkanı yaradacaq. Mərkəzimiz iki emalatxanadan ibarətdir. Son texnologiylar üzrə Koreya istehsalı olan 4 mindən çox avadanlıq gətirilib. Tələbələrimiz bu avadanlıqlarla təlim keçirlər”. 

Mərkəzin gələcək fəaliyyətindən söz açan Rəşad Xanlarov onu da əlavə edib ki, qısa müddətli kurslar da təşkil olunacaq: “Bu, üç-altı ay müddətində olacaq. Mərkəzimizin əməkdaşlıq etdiyi şirkətlər tərəfindən qısamüdddətli ixtisasartırma kurslarına maraq həddən artıq böyükdür. Müəssisəmiz həm yerli, həm də beynəlxalq şirkətlərlə əməkdaşlıq qurub bu şəbəkəni genişlənmək niyyətindədir. Əməkdaşlığmız isə ondan ibarətdir ki, şirkətlər həm qəbul prosesində iştirak edə, həm də tədris olunan kurikulumlara dair rəy verəcək. Tədris zamanı yetirmələrimiz master-klass keçirilməsi, açıq dərslərin təşkili, şirkətlərdə təcrübə keçmək imkanı qazanırlar”. 

Direktor onu da bildirdi ki, mərkəzin müəllimləri 3 ay  Koreyada təhsil kursu keçib və dərs vəsaitlərinin hazırlanmasınnda iştirak ediblər. Eyni zamanda təkmilləşmə məqsədilə koreyalı mütəxəssislər mərkəzdə davamlı olaraq təlimlər keçirlər”. 

Təhsil Mərkəzini bitirənlər işlə təmin olunacaq...

Ən əsası isə buranı bitirən tələbələr işlə təmin olunacaqlar: “Tələbələrimiz mərkəzi bitirdikdən sonra artıq əməkdaşlıq etdiyimiz şirkətlərdə işlə təmin olunacaqlar. Praktika müddətində tələbələrimiz şirkətlərə istiqamətlənəcəklər . Burda baş verən proseslərdən agah olacaqlar”. 
Mərkəz rəhbəri onu da qeyd etdi ki, Təhsil Kompleksinin tələbələri üçün gələcəkdə yay məktəblərinin təşkili, koreyalı ekspertlərin mərkəzdə təlim keçməsi də nəzərdə tutulub. Bundan savayı, tələbələrin digər layihələrə, yarışlara cəlb olunması məqsədilə koreyalı ekspertlər də dəvət olunacaq”. 

Afaq Mirayiq 
Video - foto: Fərid Şabanov