"8 minə yaxın uşağın məktəbəqədər təhsilə çıxış imkanı olacaq" - Aİ-nin Azərbaycandakı nümayəndəliyi
    • 2-10-2019, 12:19
    • 788

"8 minə yaxın uşağın məktəbəqədər təhsilə çıxış imkanı olacaq" - Aİ-nin Azərbaycandakı nümayəndəliyi

"8 minə yaxın uşağın məktəbəqədər təhsilə çıxış imkanı olacaq."

News24.az-ın xəbərinə görə, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas "İcma qrupları vasitəsilə məktəbəqədər və ibtidai təhsilin yaxşılaşdırılması" layihəsinin təqdimat mərasimində deyib.

O qeyd edib ki, əsas öhdəlik ondan ibarətdir ki, uşaqlara ən yaxşı təhsili verilsin: "Avropa İttifaqı və Azərbaycanın uğurlu əməkdaşlığını görə bilirik və problemləri birgə müəyyənləşdiririk. Uşaqların məktəbəqədər təhsildən yararlana bilməsi üçün imkanlar yaradır və bunun üçün Avropa ölkələrinin ən yaxşı modellərini axtarırıq.

Biz ən həssas qrupları müəyyən edirik. İcmalar və valideynlərlə danışıb onları bu işə cəlb edirik ki, layihələrimizi dəstəkləsinlər. Bir ildən sonra biz əminliklə deyə bilərik ki, təxminən 8 minə yaxın uşağın məktəbəqədər təhsilə çıxış imkanı olacaq. Onlar digər uşaqlar kimi sosiallaşır və məktəbdə daha yaxşı təhsil almağa hazırlaşırlar".

Kestutis Yankauskas onu da əlavə edib ki, bu layihə Avropa İttifaqının Təhsil Nazirliyi ilə birlikdə həyata keçirdiyi 6 layihədən biridir:"Azərbaycanda fəaliyyət göstərən müxtəlif qurumları ilə həyata keçirilən əməkdaşlıq layihələrinin təxminən 30 faizi məhz təhsillə bağlıdır. Hesab edirik ki, təhsil ən fundamental və vacib məsələdir.

Avropa İttifaqı və Azərbaycan əməkdaşlığı ən yaxşı əməkdaşlıq nümunəsidir".

Afaq Mirayiq