Vasim Məmmədəliyevlə vida mərasimi Bakı Dövlət Universitetində keçiriləcək
    • 14-10-2019, 10:54
    • 910

Vasim Məmmədəliyevlə vida mərasimi Bakı Dövlət Universitetində keçiriləcək

Akademik Vasim Məmmədəliyevlə vida mərasimi saat 13:00-dan 15:00-dək Bakı Dövlət Universitetində (BDU) keçiriləcək.

News24.az xəbər verir ki, akademikin ailəsindən bildirilib ki, V. Məmmədəliyev II Fəxri Xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, V.Məmmədəliyev 1942-ci il avqustun 27-də Bakıda anadan olub. O, 154 elmi əsərin, o cümlədən 21 monoqrafiyanın, dərsliyin, tərcümənin, 132 elmi məqalənin müəllifidir. Xaricdə 50-dən çox elmi əsəri dərc olunub.

V.Məmmədəliyev akademik Ziya Bünyadov ilə sovet rejimi dövründə Qurani-Kərimi ilk dəfə Azərbaycan dilinə tərcümə edib. İlk dəfə 1991-ci ildə işıq üzü görmüş bu tərcümə indiyə qədər müxtəlif illərdə 10 dəfə nəşr olunub.
V.Məmmədəliyev 1992-ci ildə Azərbaycanın Əməkdar elm xadimi fəxri adı ilə, 2002-ci ildə isə "Şöhrət" ordeni ilə təltif edilib. İraq Elmlər Akademiyasının, Suriya İslam Elmləri və Ərəb Filologiyası Akademiyasının, İslam Konfransı Təşkilatının İslam Hüququ Akademiyasının həqiqi üzvü idi.

2003-cü ildə Dağıstan Respublikasının Əməkdar elm xadimi fəxri adı ilə təltif edilən V.Məmmədəliyev BDU-da Ərəb Filologiyası kafedrasının müdiri, İlahiyyat fakültəsinin dekanı vəzifəsində çalışıb.