Gənclərin çağırışaqədərki hazırlığı rəhbərləri üçün seminarlar başladı
    • 18-10-2019, 11:13
    • 943

Gənclərin çağırışaqədərki hazırlığı rəhbərləri üçün seminarlar başladı

Paytaxtın ümumi təhsil məktəblərinin Gənclərin çağırışaqədərki hazırlığı (GÇH) rəhbərləri üçün seminarlar keçirilir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən  News24.az-a verilən məlumata görə, təlimə Dəstək Mərkəzi (TDM) tərəfindən təşkil olunan seminarların əsas məqsədi məktəblərin GÇH rəhbərlərinin bilik və bacarıqlarını inkişaf etdirmək, onları vəzifə öhdəlikləri ilə bağlı maarifləndirmək, yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsi işinin keyfiyyətini yüksəltmək və onlara fənnin məzmunu, strategiyası barədə daha geniş məlumat verməkdən ibarətdir.

Seminarlar zamanı TDM-in Gənclərin Çağırışaqədərki Hazırlığı üzrə mentorları tərəfindən tədris planını əhatə edən mövzular üzrə təlim keçirilir, dərs nümunələri nümayiş olunur, qrupda işləmək və dərsliklərlə işin təşkili məsələləri haqqında fikir mübadiləsi aparılır. Hərbi rəhbərlər keçirilən mövzu üzrə diaqnostik test tapşırıqlarını da yerinə yetirirlər.

Tədbirlərdə GÇH rəhbərlərinin fəaliyyəti zamanı qarşıya çıxan məsələlər müzakirə olunur. GÇH rəhbərlərinə məktəblilərin hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsi, onlarda hərbi vətənpərvərlik hisslərinin gücləndirilməsi məqsədilə təlimlərin təşkili, maarifləndirici-profilaktik tədbirlərin həyata keçirilməsi ilə əlaqədar müvafiq tövsiyələr verilir.

Qeyd edək ki, seminarlar paytaxtın bütün rayonları üzrə ümumi təhsil məktəblərində çalışan GÇH rəhbərlərini əhatə edəcək.