Bakıda yüksək vəzifəli məmurlara milyonlarla pul “atan” ŞƏXS – İNANILMAZ FAKTLAR
    • 18-10-2019, 11:45
    • 861

Bakıda yüksək vəzifəli məmurlara milyonlarla pul “atan” ŞƏXS – İNANILMAZ FAKTLAR

Bakıda bir çox insanların külli miqdarda vəsaitini ələ keçirdiyinə görə tutulan bank əməkdaşına açılan cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

News24.az-ın məlumatına görə, Zeynalov Emin Zakir oğlu barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.4-cü, yəni dələduzluq - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə maddəsi ilə açılan işin materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşə hakim Əfqan Hacıyevin sədrliyi ilə baxılacaq.

Məlumatda qeyd edilir ki, iş üzrə 18 nəfər zərərçəkən şəxs qismində tanınıb. Belə ki, "GünayBank”ın keçmiş sədr müavini, bankda qeyri-leqal pul dövriyyəsi sxemi qurub onlarla adamın 100 milyon manata yaxın vəsaitini mənimsəməkdə günahlandırılan Emin Zeynalov saxlanılıb. Onu DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları yaxalayıb.

Emin Zeynalov ötən ilin aprelində "GünayBank” ASC-nin idarə heyətinin sədr müavini təyin edilməsindən sonra banka uçota alınmayan on milyonlarla manat vəsait cəlb edib və bu qeyri-leqal depozitlərə görə sahiblərinə hər ay 1-3 faiz pul ödəyib. Lakin bir müddət sonra vəsaitlərlə birlikdə yoxa çıxan E.Zeynalovun pulları onlayn valyuta birjası "Forex”-ə yatıraraq ziyana düşdüyü məlum olub.

Onun bankın Müşahidə Şurasının sədri və səhmlərinin 90 faizə yaxınının sahibi Mahmud Məmmədova da milyonlarla manat borcu yaranıb. Zərərçəkənlər Zeynalovun barəsində hüquq-mühafizə orqanlarına müraciət ediblər.

O da məlum olub ki, həbs edilən Emin Zeynalov "Kapital Bank"ın (adı "BUSBank" olanda) keçmiş rəhbəri Zakir Zeynalovun oğludur. Z. Zeynalov 2000-ci ildə yaradılmış Birləşmiş Universal Səhmdar Bankı (BUS) İdarə Heyətinin Sədri vəzifəsinə təyin edilib. O, 4 avqust 2004-cü il tarixinə kimi həmin vəzifədə işləyib. Daha sonra "Finans Lizinq” ASC Müşahidə şurasının sədri vəzifəsində çalışıb. Hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin "Maliyyə və maliyyə institutları” kafedrasının dosentidir.

E.Zeynalovun pulunu mənimsədiyi şəxslər arasında yüksək vəzifəli məmurlar, hətta bank rəhbərləri də var.