“İntihar həddinə çatmışam” - Alim Prezidentdən yardım istəyir - VİDEO
    • 22-10-2019, 11:38
    • 2 482

“İntihar həddinə çatmışam” - Alim Prezidentdən yardım istəyir - VİDEO

“Çarəsiz vəziyyətdəyəm. 140 manata ailə saxlayıram. Bu məvaciblə mən necə uşaq oxutdurum, xəstə həyat yoldaşımı necə müalicə etdirim?”

Bu sözləri alim “Azərbaycan yallıları” dərs vəsaitinin, “Azərbaycan xalq rəqslərinin təsnifatı” kitabının müəllifi, araşdırmaçı alim Rauf Bəhmənli əməkdaşımızla söhbətində deyib.

Son ümid yeri kimi News24.az-a üz tutan alim müraciətinə cavab veriləcəyinə inanır.
Öncə onu bildirək ki, Rauf Bəhmənli Üzeyir Hacıbəyli adına Baki Musiqi Akademiyasının böyük elmi işçisidir. O, folklor musiqisinin araşdırılması, Azərbaycan xalq rəqslərinin öyrənilməsi və tərtib olunması sahəsində elmi iş müdafiə edib. Sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. Amma elmi nailiyyətləri, zəngin araşdırmalarına ara vermək məcburiyyətindədir. Səbəbsə ailəsinin qarşılaşdığı ciddi problemlərdir: “35 il ərzində Azərbaycanın ucqar kəndlərindən, rayonlarından xalq rəqslərimizi, yallı havalarımızın toplanması və nəşr olunmasına çalışmışam. Həyatımı mədəniyyətimizə töhfə verməyə, el havalarımızın yaddaşlardan silinməməsinə sərf eləmişəm. Topladığım rəqslər, havalar indiyə qədər heç bir mənbədə nəşr olunmayıb. Belə rəqslərdən 150-ni mən 2002-ci ildə öz vəsaitim hesabına nəşr etdirdim. Amma məvacibim, aldığım əmək haqqı nə kitablarımın çapına, nə də öz dərd-sərimi həll eləməyə yetmir”.  

R.Bəhmənlinin sözlərinə görə, o, son illər aldığı maaşının hamısını borca verir: “Bakı Musiqi Akademiyasında elmi işçi kimi 130-140 manat məvacib alıram. İki aydır ki, böyük elmi işçi kimi çalışıram. Demişdilər ki, böyük elmi işçi keçəndən sonra maaşım 250 manat hesablanacaq. Bunu səbirsizliklə gözləyirəm. Amma yenə də bu məvaciblə ailə dolandırmaq, rayonlara getmək, materiallar toplamaq çox çətindir. Ciddi ailə problemlərim var, elmi fəaliyyətlə məşğul ola bilmirəm. Son bir neçə ildə böyük çətinliklərdən keçdim. Ailəmlə birgə avtomobil qəzası keçirdik. Qəzadan sonra ağır günlər yaşadıq. Anam iflic oldu, yataqlara düşdü. Kiçik qızımın gözündə problem yarandı. Hələ də onu müalicə etdirdik. Həyat yoldaşım isə 2 ildir ki, onkoloji xəstəlikdən əziyyət çəkir, ağır əməliyyat keçirdi. Bu əməliyyata böyük məbləğdə vəsait sərf olundu. Hər üç aydan bir müayinələrə aparıram. Müayinələrə, kimya terapiyalara nə qədər xərc tələb olunur. Üç ildir dost- tanışdan borc götürmüşəm, heç birini qaytara bilməmişəm. Amma bu borclar da müayinə, xəstəxana xərclərinə yetmədi. Məcbur qalıb sələmçilərdən pul götürdüm. Bu məbləğ hər dəfə üstünə faiz artdıqca 120 min manata gəlib çatdı. İndi onların hərəsi bir yandan borcunu istəyir. Çox pis vəziyyətdə qalmışam. Bilmirəm, borcları necə qaytaracam. Çıxılmaz vəziyyətdəyəm...” 

“Məni böyük elmi konfranslara dəvət edirlər, amma pulsuzluq, ailəmlə bağlı narahatlıq üzündən heç yana gedə bilmirəm” deyən alim indiyədək maddi durumu ilə bağlı heç bir rəsmi qurumun qapısını döyməyib: “Xoreoqrafiya Akademiyasında, Bakı Dövlət Universitetində seminarlar keçirmişəm. Türkiyənin Bodrum şəhərində keçirilən Beynəlxalq Konqresdə rəqslə, folklor musiqisi ilə bağlı çox çıxışlarım olub. Amma ailə problemlərimə görə rayonlara ekspedisiyalara gedə bilmirəm. Bölgələrdə elə sənətkarlar var ki, 70-73 yaşları var, bu insanlar həyatdaykən onlarla görüşmək lazımdır. Həmin insanlarda bizə məlum olmayan çox informasiyalar var, onları toplamaq arzusundayam. Mənim topladığım rəqslərin içərisində hardasa 150-dən çox “Yallı” var ki, heç bir antologiyada, mənbədə yoxdur. Şəkidən, Qərbi Azərbaycan ərazilərindən topladığım həmin “Yallı”lar çox qədim tarixə malikdir. İstəyirəm, gələn il onu Mədəniyyət Nazirliyinə təqdim edim, bu barədə danışıqlar da olub. Amma borclar məni elə vəziyyətə salıb ki, heç bir elmi işimi davam etdirə bilmirəm. İndi ancaq ailəmin dərdini çəkirəm, başqa heç nəyə köklənə bilmirəm. Bu haqda işlədiyim Konservatoriya rəhbərliyinə belə müracət etməmişəm. O barədə danışmağa çəkinirəm. Çünki mənimlə bərabər orada 35 alim fəaliyyət göstərir. Bizim elmi laboratoriyada Ramiz Quliyev, Arif Əsədullayev, Zeynal İsayev, Nuridə xanım, Gülnaz Abdullazadə kimi insanlar fəaliyyət göstərir. Onların yanında problemlərimi qabartmağa utanmışam. Amma borc elə bir məbləğə gəlib çıxıb ki, daha susa bilmirəm... Bir ara hətta intihar etməyi düşünürdüm...”

Çarəsiz qalan alim düşdüyü vəziyyətlə bağlı ölkə başçısından və birinci vitse-prezidentdən yardım istəyir: “ Dövlət başçımız İlham Əliyevdən, birinci vitse-prezident Mehriban xanımdan bu məsələdə yardım istəyirəm. Çox rica edirəm ki, bu çətin sosial durumumda mənə kömək etsinlər. Mədəniyyətimizə xidmət edən, ömrünü bu işə sərf edən insan kimi mənim bu vəziyyətdən şıxmağıma dəstək versinlər. ”

Afaq Mirayiq 
Foto-Video: Fərid Şabanov