Rezidentlərin attestasiyası bu tarixdə olacaq- ATU-da hazırlıq başladı
    • 24-10-2019, 17:47
    • 714

Rezidentlərin attestasiyası bu tarixdə olacaq- ATU-da hazırlıq başladı

Hər ilin oktyabr ayında Azərbaycan Tibb Universitetində rezidentlərin dövrü yekun attestasiyası keçirilir. İki mərhələdən ibarət olan attestasiya bu dəfə oktyabrın 28-30-da və noyabrın 1-də keçiriləcək.

Səhiyyə Nazirliyi Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, prosesin təşkili ilə bağlı səhiyyə nazirinin “Rezidentlərin yekun attestasiyasının keçirilməsi” barədə 14 oktyabr 2019-cu il tarixli 85 əmrinə əsasən, Azərbaycan Tibb Universitetində Attestasiya Komitəsi yaradılıb. 121 nəfərdən ibarət komissiya universitetdə ayrı-ayrı ixtisaslar üzrə attestasiyanın aparılmasını təşkil edir.

Bu gün ATU rektoru, professor Gəray Gəraybəyli həmin komissiyanın nümayəndələri ilə görüşüb. Rektor G.Gəraybəyli qeyd edib ki, ötən ilə nisbətən attestasiyadan uğurla keçən rezidentlərin sayı azalıb. Bu da imtahana yeni tipli sualların salınması ilə əlaqəli ola bilər: “O cümlədən, bir çox ixtisaslar üzrə imtahan sualları yenilənib. İstənilən halda, nəticələr ciddi tədqiq olunaraq, aşkarlanan nöqsanlar barədə xüsusi tədbirlər görüləcək”.

Rektor qeyd edib ki, rezidentlərin attestasiyasının ilk test mərhələsi oktyabrın 28-də ATU-nun imtahan mərkəzində keçiriləcək. İkinci praktiki mərhələ isə 30-31 oktyabr və 1 noyabr tarixlərində universitetin müvafiq klinikalarında aparılacaq.
“Bu il istər ixtisas sayı, istərsə də rezident sayı əvvəlki illərə nisbətən artıb. Test mərkəzi, apelyasiya komissiyası da imtahanlara hazırdır. Bildiyiniz kimi artıq 3 ildir ki, ATU-da qiymətləndirmə prosesində dəyişikliklər tətbiq edilir. Bu prosesə rezidentlərin də qiymətləndirilməsi aiddir. Bu il ilk dəfə olaraq attestasiyada açıq suallar tətbiq olunacaq. Rezidentlərin istəyini nəzərə alaraq, açıq sualların sayını 10-dan 5-ə endirmişik”.

Görüşdə ATU-nun magistratura və rezidentura şöbəsinin müdiri, professor Rizvan Məmmədov çıxış edərək attestasiya prosesinin qaydaları haqqında geniş məlumat verib. ATU-nun I mamalıq-ginekologiya kafedrasının müdiri Elmira Əliyeva çıxışında yeni robotla dərslərin hazırlanması, eləcə də attestasiyaya hazırlıq işləri barədə informasiyanı açıqlayıb.

Qeyd edək ki, yekun attestasiyaya 34 bazadan 333 nəfər imtahana buraxılıb, onlardan da 29 ixtisas üzrə 131 nəfəri ATU-nun məzunlarıdır. Eyni zamanda, ötən il sınaqdan keçməyən bir neçə rezident də bu il attestasiyaya buraxılıb. Beləliklə,bu dəfə ümumilikdə 34 ixtisas üzrə 360 nəfər attestasiyadan keçməlidir.

Afaq Mirayiq