İcra hakimiyyətinin işdən çıxarılan şöbə müdirindən YENİ MÜRACİƏT
    • 8-11-2019, 11:31
    • 741

İcra hakimiyyətinin işdən çıxarılan şöbə müdirindən YENİ MÜRACİƏT

Azərbaycanda qanunsuz əməllərinə görə işdən çıxarılan və məhkəmənin hökmü ilə məhkum edilən icra hakimiyyətinin vəzifəli şəxsi Ali Məhkəməyə müraciət edib.

News24.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 281.1-ci, yəni, hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma maddəsi ilə ittiham edilərək təqsirli bilinən Tanrıverdiyev Fizuli Əmir oğlu Ali Məhkəmədən onun barəsindəki işin yenidən araşdırılmasını və hökmün dəyişdirilməsini xahiş edib. Müraciətə hakim Gülzar Rzayevanın sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, F.Tanrıverdiyev Dünyamalıyev Məhərrəm Marks oğlunun şikayəti əsasında məsuliyyətə cəlb edilib. Belə ki, Laçın rayon İcra Hakimiyyətinin (RİH) Hüquq şöbəsinin müdiri Fizuli Tanrıverdiyev kürd seperatçılarını açıq dəstəklədiyi üçün vəzifəsindən azad edilib.Bununla bağlı Laçın RİH-də iclas keçirilib və müvafiq qərar qəbul olunub.

F.Tanrıverdiyev özünün Facebook profilində İraqın şimalında yerli Kürd Muxtariyyətinin keçirdiyi "referendum"u dəstəklədiyini bəyan etmiş, buna müvafiq fotolar yaymışdı.

Facebook-da İraq Kürdüstanının "müstəqilliyini" dəstəklədiyini bildirən Fizuli Tanrıverdiyev muxtariyyət rəhbəri Məsud Bərzaninin fotolarını paylaşaraq, ona mədhiyyələr yazmışdı.  

Onun hərəkəti Facebook-da və Azərbaycan mətbuatında ciddi tənqid olunmuşdu.