Media ekspertindən ŞOK açıqlama
    • 9-11-2019, 00:59
    • 706

Media ekspertindən ŞOK açıqlama "Vaqif Mustafayevdən başqa TV rəhbərləri Azərbaycan dilini bilmirlər"

News24.az xəbər verir ki, tanınmış media eksperti, BDU-nun professoru Qulu Məhərrəmli açıqlamasında ölkə telekanallarına rəhbərlik edənlər haqqında aydın səmada şimşək effekti verən fikirlər səsləndirib:
"Mən 3D proramında bəzi məsələlərə toxunmuşdum, o cümlədən də ədəbi dilin vəziyyətiylə bağlı, əlbəttə, orda bu ifadəni də işlətmişəm ki, televiziya rəhbərlərinin bir çoxu ana dilini yaxşı bilmir. O dil bilgisizliyi olanda da ortaya bir çox məsələlər çıxır, o cümələdən də ana dili bərbad vəziyyətə düşür. Bunu demək üçün də əsasım ondan ibarətdir ki, toplantıların birində ön sırada əyləşən televiziya sədrləriylə mövzuya baxıb gördüm ki, doğrudan da “Space” televiziyasının rəhbəri Vaqif Mustafayev istisna olmaqla yerdə qalanları Azərbaycan dilini bilmirlər. Yəni o mənada ki, onların yüksək dil bilgiləri yoxdur. Bunu isə ona görə deyirəm ki, çünki onların Azərbaycan dilində nə yazısını, nə də çıxışını eşitmişəm. Ona görə də belə adamlar televiziyanı necə yönəldə və başqalarından ana dilində təmiz yazmaq və danışmaq tələb edə bilər? Bax bu cəhətlər var. Əlbəttə, bizdə televiziya rəhbəri daha çox siyasi təyinatdı, yəni olsun. Onlar siyasi cəhətdən hazırlıqlı, intellektual və dünyagörüşlü olmalıdır. Bunların həm də menecer keyfiyyəti olmalıdır, ümumi düşüncəsi və kollektivi arxasınca apara bilməlidir. Çevik beyinləri olmalıdır və s. Bu tələblərlə yanaşı, əlbəttə ki, bu adamlar ana dilini də gözəl bilməlidir. 

Tarixdə nümunə var, AzTV-nin vaxtilə rəhbəri olmuş Teymur Əliyev (şair Teymur Elçin) Azərbaycan dilini gözəl bilirdi və başqalarından da bunu tələb edirdi. Ümumiyyətlə, T. Əliyev bu tarixdə Azərbaycan Televiziyasını formalaşdıran, onun konsepsiyasını ortaya qoyan çox dərin, savad və intellekt sahibi olub. O, mənəvi keyfiyyətləriylə də fərqlənib. Belə nümunələr var. Düzdür, hər şey cılızdaşmağa doğru gedir, bu gün televiziya sədrlərinin bir çoxu heç bir cəhətiylə fərqlənmir. Amma indi təyin olunublar, işləməlidirlər, onların əsas işi tamaşaçı auditoriyasına gözəl, maraqlı, məzmunlu verilişlər təqdim etməkdir. Bu işlərlə məşğul olmaq üçün isə dərin bilik, intellekt, səviyyə, dünyagörüşü lazımdır. Bununla yanaşı, Azərbaycan tarixini, dilini, Azərbaycanın müasir problemlərini, insanların psixologiyasını, düşüncəsini bilməlidirlər. Əlbəttə, sən dili yaxşı bilmirsənsə, başqalarından necə bunu tələb edəcəksən? Yerində işlənməyən cümləni tuta bilməyəndə bu artıq vərdişə çevrilir və bilinir ki, artıq bu tələb yoxdur və onda da bir az həssaslıq itir. Əlbəttə, bizim yaxşı jurnalistlərimiz, aparıcılarımız var, onların dili gözəldir, onların dili xüsusən xəbərlər proqramında diqqəti cəlb edir. Amma şou proqramlarda, başqa verilişlərdə Azərbaycan dilinin qaydalarına məhəl qoyulmur. O yerdə ki, aparıcı zəifdir, təsadüfi adamdır, hansısa subyektiv mülahizələrə görə ekrana gəlib çıxıb və bu halda onların qarşısında tələb qoymaq lazımdır ki, Azərbaycan dilində doğru-düzgün danışsınlar. Bir də mən dil şuraları məsələsinə toxunmuşam və  indi də hesab edirəm ki, bunlar tamamilə formal və heç bir iş görməyən şuralardır. Onların da fəaliyyət imkanları varsa, bunu dirçəldə bilərlər. Çünki kamera qarşısına keçən hər bir aparıcı, jurnalist bilməlidir ki, onun danışığı, yazısı Azərbaycan dilinə xidmət etməlidir və o ədəbi normativ dil olmalıdır”. (Moderator.az)