Bu qız düz 14 ildir psixoloji dispanserin qapılarına ayaq döyür- Səbəbi?
    • 27-08-2018, 17:06
    • 1 081

Bu qız düz 14 ildir psixoloji dispanserin qapılarına ayaq döyür- Səbəbi?

Deyirlər yaxşılıq et, balığı at dəryaya, balıq bilməsə də Xaliq bilər. Stresslərin, müharibə ocaqlarının, qan-qadanın artdığı bir dünyada  cəmiyyətin öz yolunu sabit tutaraq irəliləməsi çox çətin bir prossesə dönür. İqtisadi və sosial problemlərlə yüklənmiş insanlar özlərinin gündəlik qayğıları ilə o qədər yüklənir və yorulurlar ki, başqalarınn dərdini görüb -eşitməyə gücləri qalmır. İnsanların arasında hələ də bütün bu çətinliklərə baxmayaraq özündə güc tapıb ömrünü başqalarına həsr edən şəxsləri görəndə sevinir, sözün yaxşı mənasında təəccüblənirsən. Bu gün News24.az sizə Nübar Məmmədovanı tanıtmaq  istəyir. Bu gənc xanım artıq uzun illərdir xeyriyyəçiliklə məşğuldur. Etdiyi işləri  eşidəndə insan olmaqla qürur duymamaq mümkün deyil. Və əmin olursan ki, xeyir iş görmək üçün böyük sərvət, böyük imkanlar  gərək deyil, sadəcə istəmək və insana sevgi yetərlidir.
Nübar  “Cameron A Schlumberger Company”də Müştəri Xidmətləri  üzrə İnzibatçı işləyir.

-Nübar xanım, xeyriyyəçilik işlərinə nə zamandan başlamısız və necə oldu ki, məhz psixoloji dispanseri seçdiniz?
-Mən uşaqlıqdan xeyriyyəşiliklə məşğul olmağı arzu edirdim. Valideyn himayəsindən məhrum uşaqlara dəstək olmaq istəyirdim. Anama deyəndə dedi təhsilini başa vur, sonra nə istəyirsən et. Tibb texnikumunu bitirib diplomumu alan günün sabahı üz tutdum uşaq evlərinə. O zaman bir xanımla tanış olmuşdum. O yanımda demişdi ki, psixatriya xəstəxanasına  gedib-gəlir. Bu mənim üçün sanki yaşıl işıq oldu, ona qoşuldum və mən də başladım öz arzumu yerinə yetirməyə Artıq 14 ildir uşaq evlərinə, xüsusən də 1 nömrəli psixatriya xəstəxanasında ehtiyacı olan insanlara dəstək olmağa  çalışıram. Ondan öncə 2 il müxtəlif internatlara da səfərlər edirdim. İndi 1 nömrəli Psixatriya Xəstəxanası mənim ikinci evim kimidir. Burada məni tanıyırlar, səfərlərimə imkan erirlər və orda mənim yolumu gözləyənlər var.
– Konkret olararq nə kimi işlər görmək istədiniz və  nələr edə bildiniz?
-Təbii ki, ürəyimdən çox şey keçir, amma bunun üçün maddi imkanalar lazımdır. Mənim heş bir təşkilatım yoxdur. Lakin çalışdığım şirkətdən xahiş etdim, onların köməyi ilə əldə etdiyim maliyyə dəstəyi ilə 1 saylı  psrixatriya xəstəxanasının uşaq şöbəsində uşaqlar üçün oyun meydançası qurduq. Uşaqlar özlərini zədələməsin deyə bu oyun meydançasının hazırlanmasına xüsusi diqqət etdik. Eyni zamanda qapalı oyun məkanı da düzəltdik ki, əlverişsiz havalarda içəridə məşğul ola bilsinlər. Böyük maraqla rəsmlər çəkir, əl işləri hazırlayırdılar. Hiss edirsən ki, onların təlimə, məşğuliyyətə böyük ehtiyacları var. Sonra elə həmin xəstəxananın  qocalar şöbəsində qocalar üçün istirahət otağı təşkil etdik. Mən xəstəxananın rəhbəri Həsən müəllimə təşəkkür edirəm, o şərait yaratmasaydı bunları edə bilməzdik.
-Orda tanış olduğunuz insanlardan sizi ən çox nə və ya kim təəccübləndirdi?
-Bir oğlan var idi, 9 yaşlı. Sağlam uşaq idi. Atası evləndiyi üçün onu Psixoloji Dispanserə yerləşdirmişdi. Çox ağıllı, zəkalı uşaq idi. Mən UAFA təşkilatının direktoru Qven Borçelə  bu barədə yazdım. O və komandası 1 il ərzində çalışaraq o uşağı uyğun bir internata köçürməyə kömək etdilər. Bu xəstəxanada tanış olduğum başqa bir insan da Səfurə xanımdır. Körpə ikən psixoloji dispanserin qapısında tərk edilib. Elə orda böyüyüb və yaşayıb. Sağlam insandır. Xəstəxananın rəhbəri Həsən müəllim yaxınlıqda onun  üçün kiçik bir ev tikdirib. Həmin evdə öz kiçik ev heyvanları ilə yaşayır, tutuquşu, it və pişik saxlayır. İnanılmaz dərəcədə  gözəl ürəyə malik insandır. Olya barəsində də danışmaq  istəyiəm. Olyanın yaşı 30-u keçib. Müəssisədə qalıb müəyyən işlərə kömək edir.
-Bəs niyə getmir xəstəxanadan?
-Onları ordan gəlib kimsə aparmasa gedə bilməzlər. Burda olan insanların əksəriyyətinin şox saf təmiz ürəkləri var. Hiss edirsən ki, sadəcə sevgiyə və ünsiyyətə ehtiyacları var burdakı insanların. Ümumiyyətlə, bir çoxlarına fərqli yanaşılsa daha böyük zəhmət və sevgi hesabına onları da  cəmiyyətdən təcrid etmək əvəzinə cəmiyyətə qazandırmaq olar.
-Gələcəkdə  nələr düşünürsünüz, daha nələr etmək olar sizcə?
-Mən çox istərdim ki, əlavə bir işim olsun. Ondan gələn qazancı mən öz xeyriyyəçi məqqsədlərim üçün istifadə edim. Daha çox insana kömək edə bilim. Daha böyük  formatda işlər görmək istəyərdim. Bilirsinizmi, indi çox vaxt gücüm çox şeyə çatmasa da şirniyyatla, imkanım daxilində, gücüm nəyə çatırsa  o qədər ərzaqla onların qapılarını döyürəm. Gördüyüm budur ki, sadəcə yad etmək, yada salmaq belə bu insanları xoşbəxt edə bilir.
-14 il ərzində hansısa dəyişikliklərə şahid oldunuz?
-Bəli. Əvvəlcə çox bərbad vəzziyyət idi. İndi konkret 1 saylı psixoloji dispanserdən danışsaq  yaxşılığa doğru dəyişikliklər çoxdur. Bina təmir edilib, verilən ərzaq məhsullarının keyfiyyəti yüksəlib.
-Sizcə yalnız sevgi göstərməklə psixoloji problemi olan insanları cəmiyyətə qazandırmaq mümkündürmü?
-Mən buna inanıram. Hər şeyə bir az da onların gözü ilə baxmaq onlarla söhbət etmək dinləmək, qorxularını,həyəcanlarını görmək lazımdır. İnsan nə qədər qapalı  mühitdə, eyni insanların əhatəsində yaşaya bilər? Təbii ki, problemlər olacaq. Amma diqqəti, qayğını hiss etdirsək hamısı olmasa da bir çoxları cəmiyyət üçün faydalı insanlar ola bilər. Bir çoxlarını orda tərk edib gediblər. Mənzillərini əllərindən almaq üçün. Bəziləri heç xəstə deyil. Onlar bir sözlə, bir  təbəssümlə xoşbəxt olmağı bacaran insanlardırlar. Soruşanda nə istəyisən? Tək cavabları var: “Hər şeyim var”. Heç nəyi olmayaraq  bu qədər gözü tox olmaq, hər şeyə şükürlə yanaşmaq var bu insanların içində. Bunu sağlam insanların çoxusu bacarmır.

İlhamə Rəsulova