""Məcidovalar”,“Namazov”lar cibimizdə pul qoymadı" - Əlavə dərsliklər YIĞIŞDIRILSIN! - ETİRAZ - ARAŞDIRMA
    • 15-11-2019, 17:13
    • 2 129

""Məcidovalar”,“Namazov”lar cibimizdə pul qoymadı" - Əlavə dərsliklər YIĞIŞDIRILSIN! - ETİRAZ - ARAŞDIRMA

Orta məktəblərdə müəllimlərin şagirdlərə əlavə dərs vəsaitləri aldırması narazılığa səbəb olub. 

Bu cür problemlərlə qarşılaşan valideynlər News24.az-a bu kitabların keyfiyyətsiz və baha olmasından şikayətləniblər: “Aygün Məcidova kimdir axı, müəlliməsi hər dəfə onun kitabını aldırır bizə, bezmişik, daha nə qədər olar. Hələ biri də var, Namazov, onun də test kitabı var, qazandığımız elə bu kitablara gedir”. Bu sözlərin müəllifi iki uşaq anası Sevda Əliyevadır. O, övladının əlavə dərsliklərdən istifadə etməsinə etiraz edir: “Qızım 3-cü sinifdə rus bölməsində oxuyur. Müəlliməsi rus dili fənnindən Aygün Məcidovanın test kitabını bizə aldırıb. Bəs, deyirlər kitablar pulsuzdur?! Güclə uşağın əynini-başını düzəldirik, bunu necə çatdıraq?! Almayanda da müəllimə uşağı sinifdə utandırır”.
Digər valideyn Rəfiqə Hacıyevanın isə övladı 8-ci sinifdə oxuyur: “Müəllimə ingilis dilindən əlavə olaraq “Bonk” aldırıb. Onsuz da dərslər çox ağırdır, uşaqları daha da yükləyirlər. Kitablar da çox bahadır, aldığımız maaşı bilmirik, ərzağa, geyimə, yoxsa kitaba, test kitabçalarına xərcləyək”. 
Valideyn Hüsniyyə Namazova (ad şərtidir) isə adıçəkilən müəlliflərin kitablarındakı səhvlərdən narazıdır: “Müəlliməsi Aygün Məcidovanın rus dili fənnindən sual kitabçası aldırıb, çalışmalarda çoxlu səhvlər var. Uşaqları niyə kor eləyirlər, səhvlər varsa, o necə dərs vəasiti ola bilər ki?!”. 

“Məktəblərdə başqa müəlliflərin kitablarından istifadə qanunaziddir” 

Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov bildirib ki, Azərbaycan məktəblərində başqa müəlliflərin kitablarından istifadə qanunaziddir: “İlk növbədə qeyd edim ki, dərsliyin əsas məqsədi bilik və bacarıqlara malik şəxsiyyətin yetişdirilməsidir. Şagirdlər dərsliklər vasitəsilə ilk növbədə təbiətdə və cəmiyyətdə baş verən hadisələri yaxından izləməli, bilik və bacarıqlara yiyələnməlidirlər. Amma biz nə görürük... Ölkə Prezidentinin sərəncamı ilə orta ümumtəhsil məktəblərinə 2003-cü ildən etibarən dərsliklər pulsuz olaraq verilir. Bunun əsas məqsədi ondan ibarətdir ki, təhsilin əlçatanlığı təmin olunsun. Hər il dövlət büdcəsindən məktəb dərsliklərinin hazırlanmasına və çapına yüz milyonlarla vəsait ayrılır. Gördüyümüz ondan ibarətdir ki, dərsliklərimiz şagirdlərin psixologiyasına uyğun deyil. İkincisi, bu kitablarda kifayət qədər informasiya yükü var. Üçüncüsü isə mövzular tam şəkildə açıqlanmır. Dərsin gedişində də müəllim şagirdlərə bilikləri tam çatdıra bilmir. Çünki hər bir mövzunun tapşırığı ya yetərli deyil, ya da tam mövzunu əhatə etmir. O səbəbdən də müəllimlər bəzən sui-isitifadə edirlər.

“O kitablarda milli, dini, tarixi  həqiqətə zidd məlumatlar var”

Amma buna rəğmən şagirdlərdən əlavə resurlar-iş dəftərləri, çalışma dəftəri tələb edilə bilməz və bu məktəbdə istifadə oluna bilməz. Çünki həmin resursların hər biri ekspert qrupu tərəfindən yoxlanılmalıdır, çünki bəzən orda milli, dini, tarixi həqiqətə zidd olan məlumatlar olur. Eyni zamanda, həmin dərsliklərdə şagirdləri kifayət qədər yükləyən, psixoloji təsirə salan informasiyalar olur. Bəzən də müəllimlər ona görə həmin kitabları aldırırlar ki, yaxınlıqda yerləşən kitab dükanı ilə əlaqəlidirlər, şagirdləri yönləndirir və ordan müəyyən faiz əldə edirlər. İkinci tərəf, müəllimlər tam şəkildə dərsi qura bilmirlər, uşaqların başını qatmaq üçün əlavə testlərdən istifadə edirlər. Uşaqların başı dərs vəsaitlərinə qarışır, dərsin vaxtı beləcə keçir. Düzdür, mən burda dərsliklər mükəmməldir, deməyəcəm. Dərsliklər ekspert qrupu tərəfindən tədris standartları əsasında yoxlanılıb, ölçülməlidir ki, şagird 45 dəqiqə ərzində bu paraqrafı öyrənsin. Orda nə qədər tapşırıq varsa, o tapşırıqlarla mövzunu mənimsəməlidirlər”. 

“Dərsliklərdə xırda şriftlər uşaqların gözlərini zəiflədir”


Kamran Əsədov hər bir fənn üçün əlavə fakultətiv məşğələ saatlarının olduğunu vurğuladı: “Təəssüf ki, bunlar ödənişli repetitor xidmətinə çevrilib, direktorlar məşğələ saatlarının pullarını ciblərinə qoyurlar. Yəni dövlət dərsliyi çap edib ki, mənim vətəndaşıma məhz bu kitabla lazım olan bilik və bacarıqlar formalaşsın, dövlətin standartları məhz dərsliklərlə həyata keçir. Ancaq yenə də deyirəm, təəssüf ki, bu gün qanunvericiliyə zidd olaraq heç bir yerdə yoxlanılmayan müəlliflərin vəsaitləri bizim məktəblərə gətirilir. Nəticədə isə onu görürük ki, uşaqlarımızın əksəriyyətinin beli əyilib, çünki o qədər kitabla yükləyirik ki, çanta ağırlaşır. Ağır çanta eyni zamanda uşaqları inkişafdan da saxlayır. 8-9-cu sinif uşaqlarına baxırsan, birinci sinif uşağına oxşayırlar. Digər tərəfdən uşaqlar arasında görmə qüsuru yaranır. Çünki hər hansı bir ekspert qrupu, komissiya tərəfindən yoxlanılmayan vəsaitlərin şriftləri balaca olur, yazılış forması kiçik olur, uşaqların gözü yüklənir, uşaqlarımızın böyük əksəriyyətinin görmə qüsuru ortaya çıxıb. Əksəriyyəti eynək taxır. Yəni, bu və ya digər yolla daxil olan vəsaitlər ümumilikdə tədris prosesinə mənfi təsir göstərir. Eyni zamanda bu gün uşaqlarımız uşaqlıqlarını da yaşamırlar. İbtidai sinif kitabları o qədər qəlizdir ki, övladlarımızr səhərdən axşamaqədər ancaq dərslə məşğul olurlar. İbtidai sinif dərsliklərinin içində itib-batırlar. Dərsliklər sadələşdirilməlidir, yalnız lazım olan informasiya verilməlidir. 10 il bundan əvvəl, 6-7-ci sinifdə olan informasiyalar, məsələn, toplama, çıxma sait, samit indi 1-ci, 2-ci, 3-cü sinfin proqramına daxil edilib. Yəni dərsliklər hədsiz dərəcədə ağırlaşıb. Bu da dərsliyi yazan müəlliflərin təhsilə yox, repetitorluğa xidmət etməsi ilə bağlıdır. Bu da dövlətin müəyyən standartlarının müəyyən şəkildə reallaşmadığını göstərir”. 



“Qəbul imtahanları o qədər qəlizdir ki...” 

Kamran Əsədov onu da vurğulayıb ki, müəllimlərin yuxarı siniflərdə “Bonk”lardan və digər dərs vəsaitlərindən istifadə etməsinin səbəbi qəbul imtahanlarında test tapşırıqlarının olduqca çətinliyi ilə bağlıdır: “Bizim qəbul imtahanlarımız o qədər qəlizdir ki, valideynlər, uşaqlar, məcbur olurlar o tipli ağır resurslardan istifadə etsinlər. Halbuki biz yalnız və yalnız orta ümumtəhsil məktəblərinin təbiliyini qəbul etsək, heç bir əlavə resursa ehtiyac olmaz. Bu gün alınan vəsaitlərimiz repetitorluğa, qəbul imtahanlarına xidmət edir. Təəssüf ki, bu gün bizim təhsilimiz ümumiyyətlə repetitorluğa xidmət edir, hər birinin fonunda ağır qəbul imtahanları durur. Qəbul  imtahanları sadələşdirilsə, bu kimi neqativ hallar da olmayacaq”. 


DİM bu narazılıqları belə əsaslandırır 

Mövzu ilə əlaqədar olaraq Dövlət İmtahan Mərkəzi (DİM) News24.az-ın sorğusunu cavablandırıb: “İlk növbədə, bildiririk ki, qəbul imtahanlarında istifadə edilən test tapşırıqları qüvvədə olan təhsil proqramına və dərsliklərə əsaslanır. Məlum olduğu kimi ali təhsil müəssisələrinə qəbul imtahanları seçmə və yerləşdirmə məqsədi ilə keçirilir. Bu prosesdə müxtəlif hazırlıq səviyyəsinə malik onminlərlə abituriyent iştirak edir. Məhz bu fərqlilikləri ortaya çıxarmaq və abituriyentlər arasında seçim edə bilmək üçün qəbul imtahanında mürəkkəblik dərəcəsi asan, orta və çətin tipli test tapşırıqlarından istifadə edilir. Çünki imtahanda yalnız zəif və orta hazırlıqlı abituriyentləri deyil, yaxşı hazırlıqlı abituriyentləri də bir-birindən fərqləndirmək tələb olunur.  Qəbul imtahanları başa çatdıqdan sonra test tapşırıqlarının cavablarının kompüter proqramları vasitəsilə elmi-statistik təhlili göstərir ki, bu imtahanlarında istifadə edilən asan, orta və çətin test tapşırıqlarının sayıimtahanın nəzərdə tutulan spesifikasına uyğundur”. 
O da qeyd olunur ki, hazırda Dövlət İmtahan Mərkəzində bütün fənlər üzrə elmi-metodiki seminarlar fəaliyyət göstərir və bu seminarlarda qəbul imtahanında istifadə edilən test tapşırıqlarının (çətinlik dərəcələri də daxil olmaqla) statistik təhlili seminar iştirakçılarına təqdim olunur: “Fənn seminarları pedaqoji fəaliyyətlə məşğul olan hər kəsə açıqdır və maraqlanan KİV nümayəndələri seminarlarda iştirak edib statistik təhlillərin nəticələri ilə tanış ola bilərlər. Qeyd etmək istəyirik ki, qəbul imtahanlarının layihələndirilməsi zamanı çətinlik dərəcəsi də daxil olmaqla test tapşırıqlarının digər xarakteristik göstəricilərindən istifadə edilməsi yuxarıda da vurğuladığımız kimi abituriyentlər arasındakı bilik səviyyəsindən qaynaqlanan fərqliliklərin imtahan nəticələrində də əks olunmasına xidmət edir. Bu məqsədlə qəbul imtahanları layihələndirilərkən qeyd olunan xarakteristik göstəricələrdə daha əvvəl keçirilən imtahanların statistik təhlillərinə əsaslanaraq müəyyən düzəlişlər edilməsi (məsələn, test tapşırıqlarınınn mürəkkəblik dərəcələri üzrə bölgüsündə müəyyən dəyişikliklər edilməsi) praktik olaraq mümkündür. Lakin hazırda apardığımız təhlillər göstərir ki, test tapşırıqlarının çox çətin olması ilə bağlı iddia olunan mülahizələr həqiqətə uyğun deyil,  mövcud imtahan modeli abituriyentlər arasında seçim aparmağa və normal müsabiqə mühiti yaratmağa imkan verir. Ona görə də test tapşırıqlarının mürəkkəblik dərəcəsi üzrə bölgüsündə, yəni asan, orta və çətin test tapşırıqlarının sayında  ciddi bir dəyişiklik nəzərdə tutulmur”.

Mövzu ilə bağlı Təhsil Nazirliyinə də sorğu ilə müraciət etmişik. 

Afaq Mirayiq