"Vayyy,  budur Nazpəri?"- deməsinlər" - XALQ ARTİSTİ
    • 23-11-2019, 11:46
    • 1 218

"Vayyy, budur Nazpəri?"- deməsinlər" - XALQ ARTİSTİ

"İllər öncə bizim musiqilərimizin Türkiyədə anonim adı altında səslənməsini irad tutmuşam. Hətta mənim konsertlərimdə oxuyan Özcan Deniz , Davud Güloğlunun sözünü ürəyində qoymuşam. Gül kimi Mikayıl Müşfiqin sözlərinə "Şunda - bunda" deyirdilər”. 

Bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva News24.az-a açıqlamasında deyib. Müğənni mahnılarımızın anonim altında təqdim olunmasından narahatlığını dilə gətirib: "Mən məsələyə belə yanaşmışam, amma sonrakılar.... Böyük pafosla gedib-gəlirlər, heç nə də eləmirlər. Üstəlik buna görə onlara heç kim heç nə demir, hamı susub - oturur. İrad tutmur. Türkiyədən gələn müğənniləri öpüb, qucaqlayıb, bağrına basırlar. Bir millət, iki dövlətik, söz yox. Amma iradlardan qorxub, çəkinib deməmək və ya "bu iradı desəm xoşu, gəlməz, orda işim düzəlməz" kimi məsələlər olanda sən azərbaycanlı olmursan. Onda sən olmayan sənətinə görə fəxr eləmiş olursan. Gerçək səsi, sənəti olan şəxs qorxmadan, cəsarətlə sözünü deməyi bacarır".

"İnstagram"da özünü "Fotoşop" proqramı ilə arıqladıb, gözəlləşdirən, cavanlaşdıran sənətçilər sosial mediada birmənalı qarşılanmır. Siz də "fotoşop"a əl atan məşhurlardansız. Bu addımı hansı səbəbdən atırsınız? Görünüşünüzdən narazısız?” sualına Xalq artisti belə cavab verib: "Bu, sadəcə bir dəbdir. Amma mənə görə, insan fotoşopsuz, reallıqda gözəl olmalıdır. Kiminləsə üz-üzə gələndə, ona "nə gözəlsiz", "fotoşop"dakından min dəfə çəkicisiz” deyilməlidir. Day deməlidirlər ki, "vay, Nazpəri budur?" Ona görə çalışıram ki, o şəkillərdə də necə varamsa, elə də görünürəm. İndi fotoqraf orda nələrsə edirsə, o, artıq onun şəxsi işidir. Mən buna qarışa bilmərəm. Amma ümumiyyətlə, canlı ünsiyyət zamanı insanların dürüst fikri məni daha çox maraqlandırır. Ola bilsin ki, haradasa hansısa qüsurum var, onu mənim üzümə deməyi bacarırlarsa, bu mənə xoş gəlir”. 

Xalq artisti millət vəkili Qüdrət Həsənquliyevin Milli Məclisin plenar iclasında "Müğənnilər 15 min manata toya gedirlər, 30 manat vergi ödəyirlər" çıxışına da münasibət bildirib: "Qüdrət müəllimin fikirlərinə hörmətlə yanaşıram. Amma bunu bütün sənətçilərə şamil etmək doğru deyil. Bizim elə ifaçılarımız var ki, yazıqlar axşamdan-axşama 50 manata oxuyurlar. Müğənniləri gördüyü işə baxıb qiymətləndirmək lazımdır. Başqa ölkələrin bura gələn müğənnilərinin qazancını isə heç saymırlar. Əksinə, onlara yüksək qonorar verirlər”. 

İqtisad elmləri doktoru Zahid Məmmədovun vergi ödəməyən məşhurların idarə etdikləri avtomobilləri və yaşadığı evləri əlindən almaq təklifi ilə bağlı isə müğənni belə reaksiya verdi: "Adam heç bilmir, nə desin. İnsan əziyyəti ilə nə əldə edirsə, onu heç kim əlindən ala bilməz! Amma qanunsuz yolla əldə edilənlərə isə belə cəza verilməsinə sözüm yoxdur".

Sənətçi söhbət əsnasında bəzi həmkarlarının "Bu verilişə çıxıramsa, başqa müğənni gəlməsin. Qonaq tək mən olum" kimi kaprizlərini də məsxərəyə qoyub: "Əgər, verilişlərə müğənnilər digər həmkarları ilə çıxmaqdan imtina edirsə, demək, o nədənsə çəkinir, qorxur. Sənətinə arxayın deyil. Qorxur ki, o, yanında oxuyan müğənninin kölgəsində qalacaq. Belə kaprizlər mənim üçün deyil”. 

Xalq artisti sonuncu mahnısında stomatoloqla duet oxumasının tənqidlərə hədəf olacağı ilə bağlı suala isə sərt təpki verib: "Heç kim buna görə tənqid edə bilməz! Bu artıq mədəniyyətsizlikdir. Stomatoloq- bu qədər böyük peşə, bu qədər böyük sənət. Bu az bir şeydir, sizcə? Gəlin, buna bu tərəfdən baxaq. Həkim, üstəgəl müğənni. Gör, o, necə qabiliyyətə malikdir. Ona pis demək olarmı?! Kimsə onun ifasına pis deyirsə, gedib birinci özünə baxsın".

Sevda Bayramova