"Qocalar təqaüd də alır, evləri də var" - GƏNC AKTYOR PREZİDENTDƏN EV İSTƏYİR - VİDEO
    • 23-11-2019, 16:29
    • 1 598

"Qocalar təqaüd də alır, evləri də var" - GƏNC AKTYOR PREZİDENTDƏN EV İSTƏYİR - VİDEO

""Üç əlli" verilişimiz çox yaxşı gedir. Düzdür, gündəlik efirə çıxmaq çətindir, amma tamaşaçılarımızın bəyənini qazanmışıq. Camaatın həftədə bir dəfə edə bilmədiyini biz hər gün edirik. Reytinqdən də bunu dəqiq demək mümkündür".

Bu sözləri News24.az-a açıqlamasında gənc aktyor Ülvi Həsənli deyib. O, həmçinin "Üçümüz" və "Stand up Baku" layihəsindən ayrılma səbəbindən danışıb: "Biz dost olaraq qalmışıq, amma onların yeni mövsüm üçün çəkdikləri anonsu bizə deməmələri mənim də, Həsrətin də xoşuna gəlmədi. "Üçümüz"dən isə müəyyən səbəblərə görə məcbur olub ayrıldıq. Bu, həm maddi, həm də mənəvi tərəfindən bizi qane etmirdi. Dostluq pozulmasın deyə hər iki layihədən getdik. Amma "Stand up"ın səhifəsinə gələn şərhləri oxuyub görürəm ki, tamaşaçılarımız bizim üçün çox darıxıb. Əksəriyyət Həsrətlə, məni daha çox istəyirdi. Tezliklə ikimizin stand up konserti olacaq".

Aktyor dram janrından komediyaya keçidini belə qiymətləndirib: "Düşünmürəm ki, aktyor ancaq bir istiqamətdə çalışmalıdır. Mən bəzilərindən fərqli olaraq bu sahə üzrə təhsil almışam. Bir müddət Akademik Milli Dram Teatrında, Pantomima Teatrında çalışmışam. Mənə elə gəlir ki, biz yeganə ölkəyik ki, aktyoru ampluaya görə dəyərləndiririk. Bu gün komediya oynayıramsa, sabah dram tamaşasında görünə bilərəm. Tamaşaçılar ilk olaraq məni elə komediyadan tanıyıblar. Sadəcə, dram janrı məni daha çox tanıtdırıb. Sonra yenidən komediyaya qayıtdım. Çünki mənim içimdə komediya var, onu saxlaya bilmirəm. Hətta ağır dram janrında çəkiləndə də, pərdə arxası zarafatlar edirdim. Necə ki, insan sevgilisindən ayrı qalır, bax mən də eləyəm. Komediya mənim sevgilimdir".

Ü. Həsənli bir müddət öncə Prezident İlham Əliyevə etdiyi müraciətdən söz açıb:
"Prezidentə ev istəyimlə bağlı açıq məktub yazmışam. Aktyorların çoxunun maddi problemləri var. Eyni ilə də mənim. Kirayədə yaşayıram, ona görə də, yaradıcılığımla rahat məşğul ola bilmirəm. Düşünürəm ki, dəstək olsa, Azərbaycan mədəniyyətinə və incəsənətinə daha çox töhfə bəxş edə bilərəm. Cənab Prezidentimizin sənətçilərə verdiyi dəyərə bələd olduğum üçün ona ürəklə müraciət etmişəm. Düzdür, yaşlı nəslin aktyorlardan da evə ehtiyacı olanlar var, amma məncə, gənclərə daha çox dəstək olmalıdır. Gənc olsaq da, az iş görməmişik. Mənə indi köməklik olsa, düşünürəm ki, 60 yaşında artıq kinomuzu dünyada layiqincə təmsil edə bilərəm. 27 yaşım var, enerjimi sosial problemlərə yox, sənətimə sərf etməliyəm. Qocalar təqaüdlərini alır, evlə də, təmin olunublar".

Gənc aktyor bu yaxınlarda ata olacağından da danışıb: "Heç vaxt düşünməzdim ki, ailəmə bu qədər bağlı olacam. Allah qismət etsə bu yaxınlarda ata olacam. O günü səbirsizliklə gözləyirəm".

Sevda Bayramova
VİDEO: Fərid Şabanov