-
- 25-11-2019, 23:15
- 949
Bakıda "Türk filmləri həftəsi" başlayıb - FOTOLAR
Nizami Kino Mərkəzində beşinci türk filmləri həftəsi start götürüb.
News24.az xəbər verir ki, bu dəfə də qonşu ölkə Türkəyədən məşhur sənətçilər Azərbaycanda təşrif buyurublar. Onlar “Locman” filminin rejissoru Şükrü Alaçam, istehsalçı Oya Işıl Cuhadar, aktyorları Yeliz Kuvancı ve Nisa Sofiya Aksongur, “Çakallarla Dans 5” filminin rejissoru Murat Şeker, “Kapan” filminin rejissoru Seyid Çolak, ssenaristi Güven Adıgüzel, “Annem” filminin rejissoru Mustafa Kotan, həmçinin FİYAP Baş katibi Ahmet Edebali, SETEM Baş Direktoru Mehmet Güleryüz, “Star” qəzetinin mədəniyyət-sənət editörü Bedir Acar, Türk Filmləri Həftəsinin lahiyə assistenti Fatma Gezer ve Türk Filmləri Həftəsının Baş koordinatoru Öner Kılıçdır.
Rəsmi hissədən öncə yaradıcı heyət mətbuat nümayəndələri ilə görüşüblər. Təşkilatçılar bildirdilər ki, hər il tədbirə maraq daha çox artır. Əsas məqsəd sözügedən tədbirin ənənə halına və festivala çevirilməsidir. Bununla yanaşı, bir çox ölkələri bura cəlb etməkdən ibarətdir.
Mətbuat konfransında iştirak edən türkiyəli aktrisa Yeliz Kuvancı festivalın əhəmiyyətindən danışdı: "Bu cür tədbirlər türk filmlərinin tanıdılması baxımından əhəmiyyət kəsb edir. Özümü çox möhtəşəm hiss edirəm. Bu tədbir həm də Azərbaycanla Türkiyə arasında mədəni körpü yaradır".
Aktrisa Çağla Irmak isə Bakıya heyranlığını dilə gətirdi: "Bakını çox sevdim. Burada tarixi binalalar çox gözəldir. Düşünürəm ki, bu cür mədəni tədbirlər mütəmadi olaraq təşkil olunmalıdır".
Azyaşlı aktrisa Nisa Sofiya Aksongur də fikirlərini mediya ilə bölüşdü: "Azərbaycanda sevilmək çox gözəl hissdir. Filmlərdə çəkilməyi çox sevirəm, çünki onların hər biri bizə nəyisə anlatır. Və nə qədər filmlər çox çəkilsə, bir o qədər də, yaxşı olardı".
Sonra rəsmi hissə olub. Tədbirdə Azərbaycanın Əməkdar incəsənət xadimi, kinoşünas Ayaz Salayev, Türkiyə Böyük Millət Məclisinin üzvü Mətin Gündoğdu, Milli Məclisin deputatı Qənirə Paşayeva, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral və başqaları çıxış edərək iki qardaş xalq arasında əsrlərboyu davam edən sarsılmaz dostluq münasibətlərindən söz açıblar. Vurğulanıb ki, Azərbaycan və Türkiyə qardaş ölkələr olaraq bir-birinin sevincini, kədərini paylaşan və bütün bunları çox yaxından hiss edən, ürəyi bir vuran eyni millətdir. Bakıda keçirilən türk filmləri həftəsi çərçivəsində kinosevərlərin maraqlı filmləri izləmək fürsəti əldə edəcəyini söyləyən natiqlər türk kinosunun keçdiyi tarixi inkişaf yolundan söz açıblar. Bildirilib ki, nümayiş olunacaq filmlər hər bir tamaşaçıda son dövrlər türk kinosu haqqında müsbət fikir formalaşdıracaq. Qardaş ölkələr arasındakı körpüləri kinonun gücü ilə daha da möhkəmləndirməyin vacibliyini vurğulayan çıxışçılar qeyd ediblər ki, təşkil edilən film həftəsində azərbaycanlı kinosevərlərə, türkiyəli peşəkar rejissorların, dünya festivallarında mükafatlar almış, tamaşaçılar tərəfindən böyük rəğbət qazanmış və onlarda dərin izlər buraxmış, zaman keçsə belə köhnəlməyən bədii və sənədli filmləri təqdim olunacaq. Həftə ərzində təqdim olunacaq ekran əsərləri tamaşaçıların ümumi dünyagörüşünün formalaşması ilə yanaşı, həm də türk dünyasının adət-ənənələrini, tarixi keçmişini, bugünkü inkişafını bir daha onlara çatdıracaq. Tamaşaçılar üçün bu həftə çox gözəl film bayramı olacaq.
Diqqətə çatdırılıb ki, yaxın gələcəkdə türk həftəsi çərçivəsində Azərbaycanın digər bölgələrində də türk filmlərinin təqdimatı nəzərdə tutulur.
Tədbirdə Türkiyədən gələn sənət adamlarına plaket təqdim edilib.
Qeyd edək ki, film həftəsi Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Türkiyənin Azərbaycandakı səfirliyi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Yerli Düşüncə Dərnəyi və Nizami Kino Mərkəzinin dəstəyi ilə gerçəkləşir.
Sevda Bayramova