Azərbaycan və Türkiyə arasındakı yeni "Dostluq" hava dəhlizi- VİDEO
    • 4-12-2019, 11:58
    • 776

Azərbaycan və Türkiyə arasındakı yeni "Dostluq" hava dəhlizi- VİDEO

İki qardaş dövlət – Azərbaycan və Türkiyə arasındakı yeni hava dəhlizi “Dostluq dəhlizi” adlandırılıb.

Bu ilin avqust ayında Naxçıvan Muxtar Respublikası və Türkiyə arasında fəaliyyət göstərən yeni hava dəhlizinin açılışı baş tutub.
Azərbaycan Hava Yolları” QSC-dən News24.az-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasının geosiyasi mövqeyini nəzərə alsaq, “Dostluq dəhlizi” önəmli strateji əhəmiyyətə malikdir. Dəhlizin sayəsində iki ölkə arasında digər qonşu dövlətlərin ərazilərini yan keçərək birbaşa hava əlaqəsi yaradılıb.

Birbaşa hava dəhlizi Araz çayı boyunca uzanan iki ölkə arasındakı 15 kilometrlik sərhəddən keçir.
 
Qeyd edək ki, 28 May 1992-ci il tarixində Ümummilli Lider Heydər Əliyevin iştirakı ilə burada avtomobil körpüsü və Sədərək-Dilucu sərhəd-keçid məntəqəsi açılıb.
Digər ölkələrin ərazisini yan keçərək Naxçıvan və Türkiyə arasında əlaqə yaradılmasına imkan yaradacaq dəhlizinin açılması ilə bağlı intensiv işlərə 2018-ci ildə başlanılıb.
Layihə “Azəraeronaviqasiya” (AZANS), Türkiyənin Dövlət Hava Limanları Təşkilatı (DHMİ) və Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) əlaqələndirilmiş işi sayəsində qısa müddətdə həyata keçirilıb.
Dövlətlərarası bütün zəruri razılaşmalar əldə edilmiş və imzalanmışdır. Layihənin unikallığı ondan ibarətdir ki, yeni dəhliz qonşu ölkələrin ərazilərinə çox yaxın məsafədən keçir. Bu məqsəd ilə AZANS yeni hava dəhlizinə İCAO-nun xüsusi tələblərini tətbiq edib.
Türkiyə ilə yeni hava dəhlizinin açılması yeni beynəlxalq uçuşların həyata keçirilməsi və Naxçıvan Muxtar Respublikası ilə hava əlaqələrinin genişlənməsinə böyük töhfə verəcək.
AZANS – “Azərbaycan Hava Yolları” QSC-nin struktur bölməsi olub, Azərbaycanın hava məkanına görə məsuliyyət daşıyır və regionun ən böyük hava hərəkəti idarəsidir. Ümumi məsuliyyət sahəsi 165,4 min kvadrat kilometrdir, bunun da 86,6 mini ölkənin quru ərazisi, 78,8 min kmilometri isə Xəzər dənizi üzərindəki hava məkanıdır.
Azərbaycanın hava məkanından 20 beynəlxalq hava dəhlizi keçir, marşrut şəbəkəsinin uzunluğu isə 11 min kilometrə yaxındır.