Kəmaləddin Heydərov: Dedi-qodu məlumatlar yaymayın!
    • 16-12-2019, 23:52
    • 775

Kəmaləddin Heydərov: Dedi-qodu məlumatlar yaymayın!

"Müxtəlif fəlakətlər, o cümlədən yanğın, zəlzələ, sel və s. nəticəsində dəymiş ziyanın əvəzinin dövlət tərəfindən ödənilməsi yalnız Azərbaycanda baş tutan və digər ölkələrdə analoqu olmayan bir reallıqdır".
News24.az xəbər verir ki, bu sözləri fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib.
O qeyd edib ki, bu, ölkə başçısı cənab İlham Əliyevin yürütdüyü humanist siyasətin daha bir təzahürüdür. O, həmçinin, vətəndaşlara, eləcə də sahibkarlara dəyən ziyanın əvəzinin ödənilməsi ilə bağlı Heydər Əliyev Fondunun böyük işlər gördüyünü də diqqətə çatdırıb. Bununla belə, nazir vətəndaşlara, xüsusilə sahibkarlara müraciət edərək sahib olduqları əmlaklarını təbii və texnogen xarakterli fövqəladə hallara qarşı sığortalamağı tövsiyə edib.
Bu işdə FHN-in aidiyyəti qurumlarına qanunauyğun zəruri tədbirlər görməyi tapşıran nazir, vətəndaşların bu sahədə maarifləndirilməsinin və onlara mümkün dəstəyin göstərilməsinin əhəmiyyətini bildirib. Bundan başqa, nazir kütləvi informasiya vasitələrinə üzünü tutaraq onları nazirliyin fəaliyyəti, xüsusilə son zamanlar baş verən yanğınlar və onların söndürülməsi ilə bağlı qeyri-obyektiv, yoxlanılmamış, müxtəlif neqativ məqsədlərə xidmət edən, dedi-qodu xarakterli məlumatları deyil, nazirliyin rəsmi mövqeyini işıqlandırmağa və bununla da hadisələr zamanı həyatlarını riskə ataraq fədakarlıq nümunəsi göstərən yanğınsöndürən və xilasedicilərin
əməyini heçə endirməməyə və fəlakətlər zamanı əhali arasında mümkün təşvişin qarşısını almaqda yardımçı olmağa çağırıb.