-
- 26-12-2019, 00:52
- 819
Bakı polisindən vətəndaşın döyülməsi ilə bağlı iddiaya CAVAB
Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) sosial şəbəkələrdə paytaxtda polis əməkdaşlarının vətəndaşı döyməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
BŞBPİ-nin Mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, polislərin vətəndaşı təhqir etməsi, yaxud fiziki təzyiq göstərməsi ilə bağlı iddialar əsassızdır.
"Videogörüntüdən də aydın görünür ki, polislərin hər hansı qeyri-etik hərəkətləri müşahidə olunmur. Polisin vəzifəsi ictimai qaydanı və ictimai təhlükəsizliyi qorumaqdır. Polis əraziyə çağırış üzrə yaxınlaşaraq mübahisə tərəflərindən birini ərazidən uzaqlaşdırır. Faktla bağlı müvafiq araşdırmalar davam etdirilir.
Hadisə dekabrın 24-də 18:40 radələrində paytaxtın Yasamal rayon ərazisində qeydə alınıb. Mübahisə sürücü S.Dursunovla ərazidə nəqliyyat duracağının nəzarətçisi S.Əzimov arasında baş verib. Tərəflər arasında yaranan mübahisənin qarşısını almaq üçün ərazidə xidmət aparan Çevik Polis Alayının əməkdaşları onları müvafiq olaraq Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə təhvil verib. Tərəflər şöbədə dinlənilib, onların izahatı alınıb. Mübahisənin tərəflərinə aralarında baş verən narazılığın əsassız olaraq baş verdiyini bildirməklə orada barışaraq şöbədən sərbəst buraxılıb. Əlavə edək ki, mübahisə zamanı tərəflərdən heç birinin yanında azyaşlı övladı olmayıb", deyə, məlumatda qeyd edilib.