Övladlığa götürmə ilə bağlı nazirliyə yeni SƏLAHİYYƏTLƏR VERİLDİ
    • 26-12-2019, 12:06
    • 900

Övladlığa götürmə ilə bağlı nazirliyə yeni SƏLAHİYYƏTLƏR VERİLDİ

Övladlığagötürmə sahəsində aparılan islahatlar çərçivəsində Prezident İlham Əliyev tərəfindən 23 dekabr 2019-cu il tarixində imzalanan Fərmanlar Ailə və Mülki Prosessual Məcəllələrinə dəyişikliklə bağlı müvafiq qanunlarının tətbiqi ilə bağlı bir sıra məsələləri tənzimləyir.

 Prezidentin imzaladığı Fərmanla övladlığagötürmə sahəsində daha bir sıra yeni səlahiyyətlərin həyata keçirilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb.
 
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən News24.az-a verilən məlumatda bildirilib.

Qeyd olunub ki, onların sırasına övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğunun müəyyən edilməsi, müsahibələrin, təlimlərin keçirilməsi, müəssisədə uşaqla övladlığa götürmək istəyən şəxslərin görüşünün təşkili, uşağın sınaq müddətində övladlığa götürmək istəyən şəxslərin evində yerləşdirilməsi barədə qərar qəbul edilməsi daxildir:

“Fərmanla, həmçinin, valideyn himayəsindən məhrum olmuş uşaqları aşkar edən və bu cür uşaqlar haqqında məlumatları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemindəki “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsistemə daxil edən müvafiq icra hakimiyyəti orqanlarının siyahısı müəyyən edilib. Siyahıya Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi və yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları daxildir.”

Rəsmi məlumata görə, “Mülki Prosessual Məcəllədə dəyişiklik edilməsi haqqında” Qanunun tətbiqi və “Mülki Prosessual Məcəllənin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Qanununun tətbiq edilməsi barədə” Prezidentin 2000-ci il 22 yanvar tarixli Fərmanında dəyişiklik edilməsi barədə” Fərmanda isə məhkəməyə övladlığagötürmənin övladlığa götürülən uşağın mənafeyinə uyğunluğu haqqında rəyin verilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunub. Eyni zamanda, övladlığa götürənlərin maddi-məişət şəraitinin yoxlanılması səlahiyyəti də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb.